Azərbaycanda Müsavatın üzvü olan icra başçısı var ... ŞOK İDDİA

Alı Alıyev nədən Müsavat Partiyasına üzvlüyü qəbul edib? Mühüm dövlət proqramları Füzuli rayonunda demək olar ki, icra olunmur Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rəhbərlik etdiyi rayonun sakinlərilə görüşdən çəkinir, bu və digər məsələ ilə bağlı qəbuluna düşmək istəyən şəxslərin problemlərilə maraqlanmır, bir sözlə əhalidən uzaq gəzir. Əvəzində isə vaxtının böyük bir hissəsini özünə və yaxın adamlarına məxsus olan biznes obyektlərinin inkişafına sərf edir.
Bu və digər önəmli məqamlarla əlaqədar əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan mənbə iddia edir ki, Alı Alıyev Füzulinin ən gəlirli sahələrini nəzarətində saxlayır. Belə ki, icra başçısının vəzifəsindən sui-istifadə etdiyini, məhz elə bu səbəbdən də ciddi nöqsanlara yol verdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Alı Alıyevin əməlləri Füzuli sakinlərinin kəskin etirazına, ciddi narazılığına səbəb olur: «Deyilənlərə görə, icra başçısı dövlət büdcəsindən rayona ayrılan vəsaitin düzgün xərclənməsinə şərait yaratmır. Elə buna görə də onun adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallandırılıb.
Ümumiyyətlə, son dövrlər Füzuli rayonunda əhalinin problemlərinin aradan qaldırılması istiqamətində heç bir müsbət irəliləyiş əldə olunmayıb. Çünki rayon rəhbərliyi neqativ hallarla mübarizə aparmaq əvəzinə, əhaliyə əlavə problemlərin yaradılmasına rəvac verir. Bildirilir ki, ölkə başçısı tərəfindən son illər qəbul olunmuş mühüm dövlət proqramlarının Füzuli rayonunda icrası demək olar ki, sıfra bərabərdir. Məhz bunun nəticəsidir ki, rayonun sosial-iqtisadi və mədəni həyatında heç bir ciddi dəyişiklik əldə olunmayıb. Yerli əhalinin problemlərinin aradan qaldırılması istiqamətində də heç bir müsbət irəliləyiş yoxdur. Hər il payız-qış mövsümündə əhali olmazın çətinliklərlə üzləşirlər. Buna baxmayaraq, sözügedən məsələ ilə bağlı hələ də heç nə edilməyib. Bundan başqa, rayonun qaz və elektrik enerjisilə təminatı ürəkaçan səviyyədə deyil. Bütün bu nöqsanların səbəbkarı isə rayon rəhbərliyidir». Bu arada, əldə etdiyimiz informasiyada o da qeyd olunur ki, Füzulidəki dözülməz, ağır vəziyyətdən şikayət edən adıçəkilən rayonun Balabəhmənli kənd sakini Telxan Allahverdi oğlu Cəfərov Alı Alıyevin icra başçısı təyin edilməsindən sonra rayonun iqtisadiyyatının, sahibkarlıq subyektlərinin tənəzzülə uğradığını bildirib: «Əhalinin dolanışığ səviyyəsi sıfıra enib. İnsanlar işləmək üçün Bakıya və kənar rayonlara üz tuturlar. Bu rayonda dolana bilən adam varsa o da, Alı Alıyevin komandası və onun ailə üzvləri, qohum əqrabasıdır».
İlk başdan Alı Alıyevin Füzuli rayonuna icra başçısı postuna təyinat almasının insanlarda ümidlər doğurduğunu deyən Telxan Cəfərovun sözlərinə görə, bu gün həmin şəxslər əllərini göya tutub Allahdan Alı Alıyevin tez bir zamanda rayon rəhbərliyindən uzaqlaşdırılmasını arzulayırlar: «Füzuli rayonunda olduqca biabırçı vəziyyət yaranıb. Sahibkarlar həbs edilir, sakinlərin dolanışığı üçün əlverişli olan sahələrə sədd çəkilir. Bütün nəzarət Alı Alıyev və komandasının əlinə keçib. İcra başçısı rayonda bütün sahələrə öz adamlarını təyin edir. Füzulidə 4 yol adlanan bazarda müdir işləyən, eyni zamanda Balabəhmənli kənd bələdiyyə sədri olan Hüseyn Əliyev bələdiyyə ərazisinə məxsus olan torpaqları sataraq Alı Alıyevin «tələb»ini yerinə yetirərək rayonun sığorta idarəsinə müdir təyin edilib». Həmçinin o da vurğulanır ki, Hüseyn Əliyev icra başçısının ən yaxın adamlarından sayılır.
Şikayətçi iddia edir ki, Hüseyn Əliyevin ali diplomu ciddi şübhə doğurur. Belə ki, onun Rusiya Federasiyasından qeyri-qanuni yolla diplom əldə etdiyi haqda da geniş söz-söhbətlər dolaşmaqdadır… Mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, Alı Alıyev 90-cı ildən başlayaraq Füzulidə yüksək vəzifələrdə çalışıb, hətta uzun müddət rayonda «Aqroprom»un sədri olub. Onun məhz «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadənin vasitəsilə yüksək posta gətirildiyini deyən məlumatlı şəxs iddia edir ki, AXCP-Müsavat hakimiyyətə gəldiyi vaxt Alı Alıyev Füzulidə tutduğu yüksək vəzifəsindən azad edilib: «Lakin deyilənlərə görə, o, rayonda vəzifədə işləmək üçün rayon rəhbərliyinə müraciət edib. O zaman Alı Alıyevə iqtidar partiyasına üzv olmaq təklif edilir və onun bu təklifi qəbul etdiyi deyilir. Belə ki, o vaxt Alı Alıyev Müsavat Partiyasına üzv olmaq üçün partiyanın rayon təşkilatına ərizə ilə müraciət edir və nəticədə adıçəkilən siyasi təşkilata üzv qəbul olunur. Məhz bundan sonra ona vəzifə verildiyi bildirilir.
Nəzərinizə çatdırım ki, sonradan icra başçısının Müsavatdan çıxması haqda ərizə yazması ilə bağlı heç bir məlumat yoxdur. Belə çıxır ki, o hələ də radikal müxalifət düşərgəsində təmsil olunan siyasi təşkilatın üzvüdür…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
309 dəfə oxundu