Mərdəkanda Murtuza Muxtarovun ruhunu inlədirlər - Dendraridə ürəkdağlayan mənzərələr

Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Mərdəkan Dendrarisi 1966-cı ildə rəsmən yaradılaraq Botanika İnstitutunun tabeçiliyinə verilib. Ötən əsrin əvvələrində Bakının neft milyonçularından olan Murtuza Muxtarovun şəxsi bağ evi olan böyük bir ərazi uzun illər Bakı sakinlərinin sevə-sevə səayhət etdikləri, heyranlıqla izlədikləri məkan olub. Murtuza Muxtarov bu böyük cənnəti qurmaq üçün milyonlarla vəsait xərcləyib, dünyanın 4 yanından nadir ağac və bitki növləri gətirib. Bu bağı qurub. İnqilabdan sonra Murtuza Muxtarovu elə Mərdəkandakı bağ evində öldürmək istəyən Murtuza Muxtarov rus bolşevik əsgərini öldürüb və bir güllə ilə də özünü öldürüb.
Uzun illər Botanika İnstitutunun tabeçəiliyində olan Mərdəkan Dendrarisinə Nazirlər Kabinetinin 15 aprel 2014-cü il 104 saylı qərarı ilə Dendralogiya İnstitutu statusu verilib. Və elə statusu dəyişən Mərdəkan Dendrarisində də həmin illərdə bir sıra abadlıq işləri aparılıb. Lakin…
Burada aparılan abadlıq işlərinin ömrü çox qısa olub. GUNDEMİNFO.AZ-ın əməkdaşları dünən Bakının potensial turist qəbel etmək imkanları geniş olan Mərdəkan Dendrarisində olub. Əməkdaşlarımızın müşahidə etdikləri gerçəkdən də ağrılı bir mənzərədən xəbər verir. Bu məkanın əsas giriş qapısı qıfıllanıb. Və giriş qapısını tapmaq istəyən nəinki turistlər, bakılılar belə çətinlik çəkər. Çünki bağlanmış əsas giriş qapısının üzərində heç bir elana rast gəlmək mümkün deyil. Çox axtarışdan sonra bəlli olur ki, Dendrariyə girmək üçün arxa istiqamətdən keçmək lazımdır. Lakin əsas qapıdan yolboyu irəlilədikcə bağın ərazisində söküntü işləri aparılaraq magistral yolun kənarında böyük obyektlərin tikildiyinin şahidi oluruq. Tikilməkdə olan bu obyektlərin təyinatı barədə heç bir məlumat almaq mümkün deyil. Ətrafda ticarət obyketi olan Mərdəkan sakinləri deyir ki, hasarın içində sovetlər dövründən bəri şitilxana kimi fəaliyyət göstərən yerləri söküb, əvəzində hansısa ticarət obyektləri tikirlər. Dövlətin balansında olan bu ərazilərdə təyinatı üzrə olmayan obyektlərin inşa edilməsinə kimin icazə verdiyini isə heç kim bilmir.
Dendrariyə daxil olmaq isə sadə vətəndaşlar üçün heç də rahat deyil. Burada 6 yaşadadək uşaqlar üçün giriş pulsuz olsa da, 6 yaşdan yuxarı uşaqlar üçün giriş 1 manat, böyüklər üçün 2 manat, əcnəbilər üçünsə 5 manatdır(?). Bakıda yaşayan orta statistik azərbaycanlı ailəsi bu bağda istirahət etmək istəyərsə, ən azı 10 manat xərcləməlidir. Bəs bu giriş üçün ödənilən pulun müqabilində İnstitut rəhbərliyi ziyarətçilərinə nə vəd edir? Demək olar ki, heç nə. Bağın ərazisində bir nəfər də olsun mühafizəçi gözə dəymir. Hansı ki, burada minlərlə nadir bitki növü var. Bu bağda 1800 nadir bitki növündən 69-u nəsli kəsilməkdə olan bitkidir. 24 hektar ərazisi olan bağın ərazisində yerləşən insanlar üçün pulsuz pik-nik məkanları baxımsız bərbad haldadır. Fontanlar, şəlalər işləmir. Bağa gələn vətəndaşlar üçün içməli su tapmaq mümkün deyil. Bağın ərazisindəki çətinliklə tapılan bir neçə su olan yerdə isə Xəzər dənizinin suya gəlir. Yəni istənilən ziyarətçi burada ailəvi istirahət etmək istəsə, o zaman çox baha qiymətə içməli su almalıdır. 1895-ci ildə Murtuza Muxtarovun bağ ərazisində inşa etdiyi 200 tonluq içməli su anbarı bağlıdır. İşləməməsinin səbəbi heç kimə bəlli deyil.
Bağın əsas məkanı olan Murtuza Muxtarovun yaşadığı evin bərbad halda olmasıdır. Orada olarkən M.Muxtarovun evinin fasadının yeniləndiyinin şahidi olduq. Hansı ki, 130 ilə yaxın yaşı olan bu ev çox məşhur memarların dizaynı əsasında inşa edilib. Tarixi və qorunan abidə kimi binanın fasadının dəyişdirilməsi əlbəttə ki, xoşagələn hal deyil. Amma düşündük ki, yenə də hansısa təmir işləri aparılır və nə yaxşı ki, bütün bağ ərazisi boyunca görmədiyimiz abadlıq var burda. Amma yanılmışdıq. Fasadı təmir edilən evin həyətində su hovuzunun suyu bəlkə də illərdir ki, dəyişdirilmir. 25 otaqdan ibarət olan bu nəfis tikilinin təmirinə, təmizliyinə bir adam belə cavabdeh deyil. Bir nəfər də olsun, bələdçi mühafizəçi yoxdur. Heç bələdçi lövhələr belə yoxdur ki, heç olmasa ziyarətçilər özləri ev barədə məlumat alsınlar. Murtuza Muxtarovun evinin həyətində gördüyümüz mənzərə ürəkağrıdan idi. Qulluqçular üçün alt qatda yerləşən otaqların qədimi qapıları sökülüb və əvəzinə plastmass qapılar qoyulub. İşıq plafonları dağılmış haldadır. Aşağı qatdakı mənzillərdən birinin sınıq pəncərəsindən içəri baxanda yalnız tavanın 100 il yaşının olduğunu görə bildik. Sanki bir otel otağı idi. Lakin burada kimlərin yaşadığını, bu otaqlardan kimlərin hansı məqsədlərlə istifadə etdiyini öyrənə bilmədik.
Buradakı bir neçə qəfəsdə meymun və quşlara tamaşa etməkdənsə, onların baxışlarından qaçmaq istəyirik. Zavallı heyvanlar o qədər acınacaqlı durumda buraxılıblar ki…
Dendrarinin ərazisindəki bitki sortlarının artırılması üçün istifadə edilməli olan istilikxananın durumu isə çox dəhşətli idi. Sınıq-sökük, baxımsız halda olan bir məkan…
Dendrarinin ərazisində böyük bir restoranı xatırladan, Xəzərə doğru açılan tikilinin də durumu acınacaqlıdır. Baxımsız halda, dağılmış, sökülmüş durumda…
Bağın tam ortasında Murtuzu Muxtarovun heykəlini toz basmış, çox baxımsız halda…
Yesenin adına Muzey in qapıları bağlıdır.
Yekun olaraq Azərbaycana turistlərinin axınının başladığı bir mərhələdə turistləri qəbul etmək üçün çox mühim bir məkan olan bu dendrariyə girişi pulsuz etməklə, burada vətəndaşlara daha yüksək səviyyədə pullu xidmətlər təklif edilsəydi olmazdımı?
Bu qədər mühim əhəmiyyəti olan məkanı turistləri qəbul etmək üçün daha baxımlı hala gətirmək olmazdımı?
Bu suallarımıza isə cavab ala bilmədik. Hələ daha çox suallarımız var…
1297 dəfə oxundu