Ağstafada DSMF müdirinin yeni vəzifə uğrunda mübarizəsi İLGİNC İDDİA

Ağstafada DSMF müdirinin yeni vəzifə uğrunda mübarizəsi


Oqtay Məsmalıyev yeni yaradılan quruma müdir təyin olunmaq üçün DƏMX müdirinə külli-miqdarda vəsait ödədiyini bəyan edib

Artıq xəbər verildiyi kimi, bu gün DSMF rayon şöbələrinin ləğvi və onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarına verilməsi prosesi artıq həyata keçirilməkdədir. Lakin DSMF rayon şöbələri hələlik öz funksiyalarının icrasına əsasən davam edirlər. Bununla belə, redaksiyamıza Ağstafadan daxil olan məlumatlarda həyata keçirilən islahatların effektiv olacağına dair müəyyən şübhələr öz əksini tapmaqdadır. Rayon sakinlərinin narahatlığına səbəb olan məqam isə bununla bağlıdır ki, hazırda Ağstafada DSMF şöbəsinə rəhbərlik edən Oqtay Məsmalıyev yeni yaradılacaq quruma da məhz özünün müdir təyin olacağını bəyan edib.

Hələ bir müddət bundan əvvəl bizimdovr.az-a daxil olan məktublarda yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirdilər. İlk növbədə bizə müraciət edən sakinlər belə bir məqamı vurğulayırdılar ki, DSMF-nin Ağstafa rayon şöbəsinin müdiri Oqtay Məsmalıyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən vətəndaşlar müavinat alarkən ciddi əngəllərlə qarşılaşmalı olurlar. Oqtay Məsmalıyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər bu gün də iddia edirlər ki, heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq bu qurumun fəaliyyətində adi hal alıb. 20 ildir ki, bu şöbəyə rəhbərlik edən Oqtay Məsmalıyev isə, öz maraqlarını təmin etmək, məqsədlərini reallaşdırmaqdan ötrü heç bir vasitədən istifadə etməkdən çəkinmir. Daha sonra aldığımız məlumatlarda bildirilir ki, təqaüdlərin saxta yollarla artırılması da bu gün DSMF-nin Ağstafa rayon şöbəsində geniş tətbiq olunur. Həmçinin, məlumatı təqdim edən mənbə bildirir ki, 20 il bundan öncə, DSMF-nin Ağstafa rayon şöbəsinə müdir gəlməzdən əvvəl Oqtay Məsmalıyev Tovuz Gömrük İdarəsində növbə rəisi vəzifəsində çalışıb. Maraqlıdır ki, həmin işdən də Oqtay Məsmalıyev məhz yol verdiyi saxtakarlıq səbəbindən qovulub.

Bir müddət bundan əvvəl isə, aldığımız məlumatda DSMF-nin Ağstafa rayon şöbəsinin fəaliyyətinin Hesablama Palatası tərəfindən yoxlanıldığı barədə xəbər verilmişdi. Açıqlamaya görə, şöbənin işində bir çox ciddi nöqsanlar da aşkar olunmuşdu. Bu xüsusda məlumatda bildirilirdi ki, Oqtay Məsmalıyevin rayonda fəaliyyət göstərən bəzi müəssisə rəhbərləri ilə aralarında əldə olunan razılığa əsasən, rəsmi sənədlərdə həmin müəssisədə işləyən fəhlələrin sayı real saydan xeyli az göstərilir. Bu azaltma müəssisə rəhbərliyini həmçinin sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Bu yolla “qənaət” olunan məbləğin yarısı isə, nəğd şəkildə Oqtay Məsmalıyevə təqdim edilir. Mənbə iddia edir ki, məhz bu kimi maxinasiyalar hesabına Oqtay Məsmalıyev bu gün Almaniyada təhsil alan övladına həmin ölkədə şəxsi ev də ala bilmişdir. Eyni zamanda da, açıqlamada şöbə müdirinin özü üçün Ağstafada, “Sezar” şadlıq sarayının arxasında inşa etdirdiyi villanın heç də Almaniyadakı evdən ucuz başa gəlmədiyini vurğulanır. Lakin redaksiyamıza daxil olan məlumatlarda ən maraqlı açıqlamalardan biri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin adının bəzi məqamlarla bağlı hallandırılması barədədir. Bu xüsusda mənbə bildirir ki, Oqtay Məsmalıyev yeni yaradılacaq quruma rəhbər təyin olunacağına əminliyini, məhz Fuad Əlizadəyə bu məqsədlə 150 min ABŞ dolları məbləğində pul ödəməsilə əsaslandırır...

Materialda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...