Təhsil Nazirliyində dərslik maxinasiyaları - ARAŞDIRMA

Ayrılan milyonların yalnız yüz minləri reyestrlərdə əksini tapır
Hər il Təhsil Nazirliyi dərsliklərin nəşrinə milyonlar xərcləyir. Bizimyol.info saytı vəsaitlərin necə xərcləndiyini, sifarişlərin hansı nəşriyyatlara edildiyini araşdırıb.
Nazirlikdən verilən məlumata görə, 2013-cü ildə büdcədən dərslik çapına 8.6 milyon manat, 2014-cü ildə 8 milyon manat ayrılıb. Keçən il üçünsə bu tədbirlərə 8,5 milyon manat nəzərdə tutulub.
Ümumiyyətlə, son dövrlər dərslik çapı üçün yönəldilən vəsaitlərin həcmi 8 milyon manatdan yuxarıdır. Ən az vəsait 2006-2007-ci illərdə ayrılıb ki, bu da uyğun olaraq 6 və 7 milyon manat təşkil edib. Baxaq görək nazirliyin dərslik çapı ilə bağlı keçirdiyi nə qədər tender reyestrlərdə əksini tapıb. Tender.gov.az saytında keçirilən müsabiqə reyestrlərinin arxivini araşdırarkən məlum olur ki, 2010-cu ildə nazirliyin keçirdiyi 1500 satınalmanın yalnız 3-ü dərslik çapı üçün nəzrdə tutulub və bu işə cəmi 109 776 manat sərf edilib. 40 176 manatlıq sifariş "Ərgünəş" Fərdi Müəssisəsi (xüsusi dərsliklərin nəşri), 19 980 manat “Təhsil Texnologiyaları Mərkəzi” (ibtidai sinif yaşlı fiziki qüsurlu uşaqlar üçün elektron dərsliklər və zəruri tədris vəsaitlərinin standartlarının müəyyən edilməsi və işlənib hazırlanması xidmətləri haqqının ödənilməsi), 49 620 manat yenə "Ərgünəş" FM-ə 12 adda 1 070 nüsxə tirajla xüsusi və brayl əlifbası ilə dərsliklərin nəşri və capı üçün verilib. Nazirlik əlavə olaraq kitab çapına 29 900 manat (“NEO Nəşriyyat Evi” MMC), test kitablarının nəşrinə 29 419 manat ("Araz-GR" MMC), test kitabçalarının çapı üçün kağızların alınmasına 52 981 manat ("Blank Servis" MMC, "Halal-P" Firması), kitabların alınmasına 4 248 manat ("Ərgünəş" FM) sərf edib. Həmin il Milli Elmlər Akademiyası, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi kitablara az qala TN-dən çox pul xərcləyib. Söhbət müsabiqə reyestlərində əksini tapan məlumatlardan gedir.
2011-ci ildə nazirlik cəmi iki dərsliyin tenderini keçirib - sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat məktəbinin şagirdlərinə iri şriftlər və brayl əlifbası ilə xüsusi dərsliklərin nəşr və çap işləri "Ərgünəş" FM-dən üst-üstə 92 707 manata satın alınıb. Həmin il nazirlik üzrə ümumilikdə 3 400-dən artıq tender keçirilib, əksəriyyəti də alış-verişlə bağlıdır. 2012-ci ildə “Şahmat 2” və “Şahmat 3” dərsliklərinin çap işlərinin satın alınmasına 45 574 manat ("Nasir NPM" MMC), yenə sağlamlıq imkanları məhdud uşaqlar üçün dərsliklərə 91 940 manat sərf edilib və bu işlər üçün podratçı "Ərgünəş" FM seçilib. Nazirlik üzrə keçirilən tender sayı isə 3 500 civarında olub.
2013-cü ildə “İngilis dili” dərslik komplektinin hazırlanması işlərinin satın alınması 71 082 manat ("Təhsil Nəşriyyat Poliqrafiya" MMC), orta ixtisas təhsili müəssisələri üçün dərslik, dərs vəsaitləri, metodiki vəsaitin çap və onların elektron versiyalarının hazırlanması 199 134,44 manat, "Şahmat-2" və "Şahmat-3" elektron tədris vəsaitləri (disklərin) də 259 151 manat tutub, hər iki iş "Avanqard E.H." MMC-yə həvalə edilib. Nazirlik üzrə keçirilən tender sayı 2000-dən çoxdur.
2014-cü ildə "Azərbaycan dili" dərslik komplektinin hazırlanması 41 800 manat ("Altun-Kitab"MMC), "Kimya/Ximiya" dərslik komplekti 39 000 manat ("Aspoliqraf LTD" MMC), "Riyaziyyat/Matematika" dərslik komplekti 99 561 manat ("Şərq-Qərb" ASC), "Ədəbiyyat" dərslik komplektinin hazırlanması da 41 210 manat ("Bakı" nəşriyyatı) aparıb. Nazirliyin bütün alış-verişlərinə dair keçirilən tender sayı isə 1 100 civarındadır. TN 2015-ci ildə 4 dərsliyin çapına (adları göstərilməyib) 260 238 manat sərf edib və podratçılar “Radius” MMC, “Şərq-Qərb” ASC, “Bakı Nəşriyyatı” olub. “Ümumi tarix” dərslik komplektinin hazırlanması üçün də 61 600 manatlıq sifariş “Aspoliqraf LTD” MMC-yə verilib. Bu ilin 6 ayında "Kimya" və "Fizika" dərslik komplektinin nəşrinə tenderlərdə çəkilən xərc 115 827 manat təşkil edib.
Belə görünür ki, nazirlik büdcədən ayrılan vəsaitlərin əsas hissəsini tenderlərdə qanuni yolla xərcləyir, amma kitab çapına nəzərdə tutulan pulların cüzi bir hissəsi tender predmeti olub.
Reyestrlərdən belə qənaət yaranır ki, dərslik çapına az vəsait sərf edilir. Ya da məlumatların reyestrlərin arxivində əksini tapmaması 8 milyonluq müqavilələrin tenderdən kənarda bağlandığı rəyi yaradır. Bu vəsaitlərin yalnız bir neçə yüz mini müsabiqə reyestrlərində əksini tapıb. Ümumiyyətlə, mətbuatda dərc olunan informasiyalarda hər il xeyli adda və sayda kitab çapı ilə bağlı məlumat verilsə də saytda bunların cüzi bir hissəsinə rast gəlinir. Ya nazirlik göstərdiyi kimi dərsliklərə 8 milyonları xərcləmir, ya da verilən vəsaitlərin hamısı üzrə tender keçirilmir, müəyyən işlər satınalma yolu ilə rəsmiyyətə salınır, qalanlar da müsabiqəsiz sifariş edilir. Əgər dərsliyin müddəti 4 ildirsə, onda hər il sərasər niyə dərslik çap olunur və bu işi sadaladıqlarımızdan başqa daha hansı nəşriyyatlar həyata keçirir, satınalma təşkilatının saytında buna cavab yoxdur. Göründüyü kimi, nazirliyin podratçıları da çox deyil, cəmi bir neçə nəşriyyatla işləyirlər.
660 dəfə oxundu