Bu alı təhsil ocağında hər kəs avtoritetini sübut etmək istəyir - nifuz savaşı

Bu alı təhsil ocağında hər kəs avtoritetini sübut etmək istəyir -


Son vaxtlar Azərbaycan Texniki Universitetində gedən bəzi proseslər ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. Mövzuya dair “Bizim Dövr”ün 27.08.2016-cı il tarixli sayında dərc etdiyimiz “Azərbaycan Texniki Universitetində ambisiyalar qızışır” başlıqlı məqalədə biz də həmin məsələyə münasibət bildirmişdik. İlk növbədə biz göstərmişdik ki, bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda, bu gün Texniki Universitetdə müşahidə olunan neqativ halların yer almasına görə məsuliyyət daşımalı olan əsas simalardan birinin tədris işləri üzrə prorektor, iqtisad elmləri namizədi, dosent Xalıq Yahudovun olduğu vurğulanır. Həmçinin məlumatlarda xüsusilə diqqəti cəlb edən bir məqam da Texniki Universitetdə baş verənlərin arxasında daha mürəkkəb intriqaların durduğuna dair səsləndirlən iddialarla bağlıdır.

Biz artıq qeyd etmişdik ki, universitetdə cərəyan edən hadisələri diqqətlə müşahidə etməklə, bu iddiaların heç də əsassız olmadığı qənaətinə gəlmək olar. Belə ki, Texniki Universitetdə yer almış rüşvətxorluq və bütün digər neqativ hallara görə bütün məsuliyyət ilk növbədə rektor Havar Məmmədovun üzərinə düşür. Universitetdə olan bəzi mənbələr isə, belə bir fikir irəli sürürlər ki, əslində bir çox mövcud problemlər müəyyən universitetdaxili qüvvələr tərəfindən qəsdən və məqsədyönlü şəkildə yaradılır. Məqsəd isə, məhz rektoru nüfuzdan salmaq və onun tutduğu vəzifədən kənarlaşdırılmasına nail olmaqdır.

Dərc etdiyimiz yazıda biz bunu da qeyd etmişdik ki, yaşı 70-i keçmiş Havar Məmmədovun təqaüdə göndərilməsi məsələsinin onsuz da yaxın vaxtlarda gündəmə gələ biləcəyi halda, vəziyyətin müəyyən şəxslər tərəfindən daha da dramatikləşdirilməsi əslində heç də səbəbsiz deyil. Məsələ bundadır ki, bu gün Texniki Universitetinin rektor kürsüsü boşalarsa, bu zaman həmin vəzifəyə daha çox şansı olan əsas namizədlərdən biri də məhz Xalıq Yahudovdur. Daha dəqiq desək belə bir fikir hal-hazırda universitetdə Xalıq Yahudovun öz və azsaylı tərəfdarları tərəfindən formalaşdırılır. Lakin universitet kollektivinin bu məsələyə dair ümumi rəyi Xalıq Yahudovun mövqeyindən tam fərqlidir. Belə ki, kollektivin böyük əksəriyyəti bu fikirdədir ki, rektor Havar Məmmədov hazırda öz vəzifəsinin öhdəsindən kifayət qədər uğurla gəlir və yaxın vaxtlarda onun əvəz olunmasına heç bir ehtiyac duyulmur. Digər tərəfdən isə, belə bir zərurət yaranacağı təqdirdə, yenə də kollektivin əksəriyyətinin rəyinə görə, universitetin rektoru postuna ən layiqli namizəd kimi elmi işlər üzrə prorektor İlham Pirməmmədovun adı çəkilir. Həmçinin əldə etdiyimiz məlumata görə, Havar Məmmədov özü də məhz İlham Pirməmmədovu özünün davamçısı kimi görür. Lakin bu vəziyyət Xalıq Yahudovu qətiyyən qane etmir. Bu səbəbdən də, hazırda tədris işləri üzrə prorektor eyni vaxrda “iki hədəfi” vurmağa çalışır. Bir tərəfdən, məhz Xalıq Yahudov tərəfindən düzənlənən neqativ hallar rektorun adına çıxarılır, digər tərəfdən isə, mətbuatda olan bəzi əlaqələri hesabına Xalıq Yahudov öz həmkarı, İlham Pirməmmədovu da nüfuzdan salmağa çalışır.

Bu məqsədlə son zamanlar bəzi mətbu orqanlarının səhiflərində Xalıq Yahudovun əməllərini məhz İlham Pirməmmədovun adına çıxaran yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, son vaxtlar Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov haqqında bəzi KİV-lərdə dərc edilən və əslində həqiqətə uyğun olmayan məlumatlar guya ki, mətbuata İlham Pirməmmədov tərəfindən təqdim olunur. Universitetdə olan mənbələr isə, bu kimi “açıqlama”ların müəllifinin məhz Xalıq Yahudov olduğunu birmənalı şəkildə təsdiq edirlər. Bu yolla da Xalıq Yahudov bir tərəfdən Havar Məmmədovun vəzifədən gedişini tezləşdirməyə, digər tərəfdən də İlham Pirməmmədovun nüfuzdan salınmasına nail olmağa çalışır...

Yazıda adı keçən bütün tərəflərin öz mövqeyini bildirmək hüququ var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...