Aqrar Universitetdə "putyovka" alveri - TAM BİR BAZARDIR

Azərbaycan Dövlət Aqrar Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Quliyevin yarıtmaz fəaliyyəti ciddi narazılıqlar doğurur Qeyd edək ki, bu qurum Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) tabeliyindədir.
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən sahələrarası birliklərin könüllü ittifaqıdır. AHİK 26 sahədə 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayı təxminən – 1600000 nəfərdir. Məlumdur ki, AHİK-nın sədri həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəridir.
Təbii ki, belə bir iş yükü ilə ATİAHİ-nin tabeliyində olan bütün qurumların fəaliyyətini daim diqqət mərkəzində saxlamaq, onların işinə nəzarət etmək elə də asan məsələ deyil. Bu məqam isə, ADAU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Quliyev kimi funksionerlərinin işinə çox yarayır. Məlumatlarda bildirilir ki, özünü rəhbərliyin “gözündən uzaq” yerdə hiss edən komitə sədri vəzifə səlahiyyətlərindən gen-bol sui-istifadə hallarına yol verməkdədir. Əldə etdiyimiz məlumatlardan birində Əli Quliyev ADAU-nun rəhbərliyi ilə əlbir olaraq, müxtəlif maxinasiyalar həyata keçirməkdə, eləcə də tələbələrin hüquqlarının müdafiəsi əvəzinə onları pozmaqda ittiham olunur. Açıqlamada deyilir: “Aqrar Universitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putovkalarının satdırılmasıdır. Bu putovkalar isə, Həmkərlar Təşkilatlarının əli ilə satılır. Qeyd edim ki, Dövlət Aqrar Universitetinin nəzdində 4 həmkərlar təşkilatı, Azad Həmkərlar İttifaqı Komitəsi, Tələbə Azad Həmkərlar Komitəsi, Tələbə Elmi Cəmiyyət və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Universitet müəllimlərinin və tələbələrin adlarına yazılan sanatoriya putyovkaları və maddi yardım maxinasiyaları isə, daha çox məhz iki həmkərlar təşkilatının, Azad Həmkərlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin əli ilə həyata keçirilir.
Universitetin əsas həmkərlar ittifaqınının sədri isə, rektorun ən yaxın adamlarından olan Əli Quliyevdir. Belə ki, rəhbərliyin tələbələrə qarşı rüşvət tələblərinə əməl olunması işi də əsasən məhz Əli Quliyevə həvalə olunub...” (Bizimdovr.az) Bundan başqa, aldığımız məlumatlarda bildirilir ki, hazırda ADAU-nun Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin sayı 1022 nəfər təşkil edir. Göründüyü kimi, Əli Quliyevin əllərində kifayət qədər imkanlar cəmlənmişdir. Açıqlamalarda isə vurğulanır ki, məhz bu imkanlardan komitə sədri daha çox öz şəxsi maraqlarının təminatı baxımından yararlanmaqdadır.
Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər Əli Quliyevin şəxsi mənafeylərinə xidmət edir. Xüsusi olaraq məlumatlarda komitə sədrinin bir çox maxinasiyalarından bəhs edilir. Qeyd olunur ki, komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxs kifayət qədər zəngin bir insana çevrilmişdir.
Digər tərəfdən isə, ADAU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Quliyev hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
401 dəfə oxundu