Yavər Camalov qardaşını necə qoruyur? – Milyonlarla manatın qaranlıq aqibəti...

Yavər Camalov qardaşını necə qoruyur? –


Hesablama Palatası son üç ildə dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyətində və yerli dövlət qurumlarında korrupsiya hallarının tüğyan etdiyini ortaya qoyan hesabatlar açıqlayıb. Bu Qaynarinfo.Az-ın araşdırması nəticəsində ortaya çıxıb.

Sonuncu dəfə bu ilin avqustunda Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Hesabatdan belə məlim olur ki, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalovun rəhbərlik etdiyi Şirvan şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər m2-ə düşən xərc araşdırılmayıb. Eyni zamanda mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablama aparılmayıb, bir sıra hallarda vəsaitin təyinatı dəyişdirilməklə icra edilib. Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanıb və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldilib. Bəzi hallarda artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib. Bir sıra hallarda malların (işlərin və xidmətlərin) alınmasına satınalma metodu tətbiq edilmədən vəsait yönəldilib, mal-materialın ehtimal olunan qiyməti müvafiq qaydada müəyyən edilməyib və orta bazar qiyməti nəzərə alınmayıb. Auditlə əhatə olunan dövrdə mal-materialların alışı əsasən nağd qaydada təhtəlhesab şəxs vasitəsi ilə həyata keçirilib, bəzi hallarda artıq material və vəsait silgisinə yol verilib. Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb. Hesabat dövründə kommunal xidməti üzrə şəxsi həyətyanı ev sahibləri, hüquqi və fiziki şəxslər ilə əvvəlki müqavilə öhdəlikləri yerinə yetirilmədiyi halda yeni müqavilələr bağlanılması nəticəsində debitor borcu ildən-ilə qalıq kimi keçirilib. Ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu auditlə əhatə olunan dövrdə artıb.

Saytımızın araşdırmasına görə, bu, nazir qardaşının icra başçısı olduğu Şirvanda dövlət vəsaitlərinin talan edilməsinə dair ilk fakt deyil, əgər belə davam edərsə, yəqin sonuncu da olmayacaq. Məsələn, ötən ilin aprelində Hesablama Palatası Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonları ilə bərabər, Şirvan şəhərinə ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı da ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, Sonradan şəhər İcra Hakimiyyətindən Hesablama Palatasına daxil olan məlumatda 1 obyekt üzrə yerinə yetirilməmiş 30160,8 manat məbləğində tikintinin, 5 obyekt üzrə yerinə yetirilməyən 17164,2 manat məbləğində dəyərinin dövlət büdcəsinə bərpa olunduğu göstərilib.

Şirvanda yerli icra hakimiyyəti orqanı ilə bağlı digər qurumlarının da korrupsiyaya bulaşması adiləşib. Məsələn, «Şirvan regional elektrik şəbəkəsi” bir mövsümdə dövlət büdcəsinə 35 milyon manat az vəsait ödəyib. Hesablama Palatasının 2013-cü il üçün hesabatına əsasən, Vergilər Nazirliyi ilə birgə audit zamanı 3 iri oğurluq hadisəsi aşkarlanıb. Birinci halda, 4,7 milyon, ikinci halda 17 milyon, üçüncü halda 13,3 milyon manat oğurlanıb. “Pozuntuya səbəb maliyyə intizamına nəzarətin olmamasıdır”, deyə Hesablama Paltası ekspertləri bildiriblər. Vergidən yayınmaya iri debitor borcu, vergi ödənişində gecikmə və real mənfəətin gizlənməsi kömək edib. Amma çox ilgincdir ki, audit bunu kiçik maliyyə pozuntusu (unutqanlıq) kimi qiymətləndirib, rəhbərliyə tapşırıb ki, borcu qısa müəddətə ödəsin.

Əslində Şirvanda aşkarlanan korrupsiya halları uzun müddətdir bu şəkildə arxa plana keçirilir. Hesab etmək olar ki, bu, şəhərin icra başçısı Mərdan Camalovun müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı olması ilə birbaşa bağlıdır. Adıçəkilən nazir hökumətdə yüksək post tutması ilə bağlı, Azərbaycanın önəmli oliqarxlarından biri olması ilə fərqlənir. Bu isə ona qardaşını illərdən bəridir rəhbəri olduğu şəhərdə çoxsaylı korrupsiya faktları aşkarlanmasına rəğmən mümkün cəza tədbirlərindən qorumağa kömək edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...