Siyəzən İcra Hakimiyyətində müdhiş büdcə talanı - HESABLAMA PALATASI YOXLAMA APARDI
Hesablama Palatası bir neçə dövlət qurumunda yeyinti aşkarlayıb
Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş dörd nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub. Bizimyol.info xəbər verir ki, bunlar dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və onun tabeliyində olan müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə özəlləşdirmədən daxilolmaların təhlilinin nəticələri, dövlət rüsumları üzrə büdcə daxilolmalarının proqnozlaşdırılması, hesablanması və ödənilməsi vəziyyəti ilə bağlı təhlilin nəticələri, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Siyəzən Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dairdir.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, qərarlar qəbul edilib. Kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.
Palata iclasından yenə detallı məlumat verilməsə də “audit tədbirlərinin nəticələrilə bağlı qəbul edilən qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunmasının qərara alınması” onu göstərir ki, yenə büdcə vəsaitlərinin xərclənməsində ciddi maliyyə pozuntuları aşkarlanıb. Adətən Palatadan nöqsanlar aşkarladığı hallarda “aidiyyati qurumlara” təqdimatlar göndərilir. Ümumiyyətlə, keçirilən nəzarət tədbirlərində maliyyə pozuntusuna rast gəlinməyən büdcə təşkilatının hələ indiyə qədər adı açıqlanmayıb. Çünki, dövlət vəsaitlərini qanunauyğun xərcləyə bir qurum yoxdur.
Qeyd edək ki, HP artıq dördüncü iclasdır ki, keçirdiyi auditlərin nəticələrini ictimaiyyətdən gizlədir. Bu isə büdcə xərcləmələrinə nəzarət etməklə bərabər nəticələri ictimailəşdirməli olan Palatanın fəaliyyətinin şəffaflığını şübhəyə alır. Problemi artıq bir neçə dəfə yazsaq da Palata “informasiya gizlətmək siyasəti”-ni davam etdirir.
600 dəfə oxundu