Qondarma MMC Bakıda sakinləri evlərindən qovur - FOTOLAR - VİDEO

Qondarma MMC Bakıda sakinləri evlərindən qovur -

Bakının Azadlıq prospekti, 80 ünvanında yerləşən çoxmərtəbəli, 112 mənzilli binanın hansısa "Fədək” MMC adlı şirkət tərəfindən içərisində yaşayış ola-ola "pilot layihə” adı altında sökülməsi ətrafında qalmaqalın davam etdiyi bir vaxtda Nəsimi rayonunda daha bir gərginlik ocağı yetişir.

GUNDEMİNFO.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə rayonun Süleyman Rəhimov küçəsi, 203 ünvanında yerləşən (17 saylı Mənzil-İstismar Sahəsi) binanın sakinlərinin evlərindən çıxmaq üçün xəbərdarlıq aldığı, onlara yır-yığış etmək üçün bir ay vaxt verildiyi məlum olub.

Binanın sakinləri redaksiyamıza bildiriblər ki, "Bizim ailə” MMC adlı yeni yaradılmış, ofisi və bank hesabı belə mövcud olmayan hansısa şirkətin nümayəndələri onlara "pilot layihə” çərçivəsində evlərindən köçürüləcəkləri barədə ultimatum veriblər. Sakinlərə ancaq bir variant təklif edilib: evlərini tərk edib kirayə mənzillərə köçsünlər və onların yaşadıqları binanın yerində inşa ediləcək yeni çoxmərtəbəli binada təzə mənzillərə köçürüləcəkləri günü gözləsinlər.

Sakinlər isə deyirlər ki, tikinti sahəsində heç bir təcrübəsi olmayan, cəmi 10 manat nizamnamə kapitalına malik, heç kimin tanımadığı şirkətin onları aldadıb aradan çıxmayacağına heç bir təminat yoxdur. Şirkət Nəsimi rayon İcra Hakimiyyətinin podratçısı qismində çıxış edir, lakin bundan əvvəlki "pilot layihə” söküntülərində olduğu kimi bu dəfə də İcra Hakimiyyəti təminatçı rolunda çıxış etmir. Yəni gələcək mümkün məhkəmə çəkişmələri ancaq sakinlərlə MMC arasında gedə bilər.

"Kim təminat verə bilər ki, heç kəsin tanımadığı bu şirkət bizi aldatmayacaq? Sakinlər qarşısında öhdəliyin yerinə yetirilməsinə kim cavabdeh olacaq, kim bu öhdəliklərin vaxtında yerinə yetirilməsinə nəzarət edəcək? Tikinti sahəsində heç bir təcrübəsi olmayan hansısa birgünlük şirkətə bizim evlərimizi sökmək, yerində bina tikmək səlahiyyətini necə veriblər? Bu suallara cavab verən tapılmır, belə çıxır ki, "JEK”-lər və icra hakimiyyətləri bu birgünlük firmaların maklerlərinə çevriliblər?”-sakinlərin müraciətində bildirilir.

Sakinlər deyirlər ki, əgər bina sökülməlidirsə qoy onlara kompensasiya versinlər. Çünki insanlar evlərindən pərən-pərən düşüb haradasa illərlə kirayə yaşamaq, təzə binanın tikilib başa çatdırılmasını gözləmək istəmirlər. Hazırda bina sakinləri əsəbi vəziyyətdə, gərgin şəraitdə buldozerlərin gəlişini gözləməkdədir.

Sayt bu məsələ ilə bağlı 17 saylı Mənzil-İstismar Sahəsi ilə əlaqə saxlayıb, adını açıqlamaq istəməyən əməkdaş əvvəlcə binanın söküləcəyini təkzib edib: "Həmin bina düz bizim "jek”in qabağındadır, bu saat orada heç bir söküntü getmir”.

Əməkdaşa sakinlərə evlərindən çıxmaq üçün xəbərdarlıq edildiyini xatırladanda isə belə cavab verdi: "Bildiriş veriblərsə gedib danışsınlar, bəlkə sərf edəcək? Bina sökülməlidirsə deməli söküləcək, sarayın arxasını (Heydər Əliyev Sarayı) neçə köçürdülərsə buranı da elə köçürəcəklər...”

"Bizim ailə” MMC adlı şirkətin barəsində isə sakinlərin bildirdiyi kimi heç yerdə heç bir məlumata rast gəlmək mümkün olmadı.

22:17

Bakının daha bir rayonunda "yaşayış üçün yararsız” köhnə binaların sökülərək yerində yeni çoxmərtəbəli bina inşa edilməsinə yönəlmiş "pilot layihə” ətrafında qalmaqal baş verir. Bu dəfə Nəsimi rayonu ərazisində, Azadlıq prospekti, 80 ünvanında yerləşən beşmərtəbəli binaları içərisində yaşayış ola-ola, sakinlərin hamısı köçürülmədən sökməyə başlayıblar. Söküntünü isə Nəsimi rayon İcra Hakimiyyətinin sifarişi ilə "Fədək” MMC adlı adı indiyədək heç yerdə eşidilməyən şirkət aparır.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, söküntüsü başlayan binada cəmi 102 mənzil var, lakin sakinlərdən 10-u şirkətin təklif etdiyi şərtlərlə köçməkdən imtina edir. Buna baxmayaraq şirkət binanın söküntüsünə başlayıb və köçməkdən imtina edənlərin həyatı faktiki olaraq riksə atılıb.

Digər "pilot layihə”lərdə olduğu kimi bu layihədə də şirkət sakinlərlə müqavilə bağlayıb onlara evlərindən kirayə mənzillərə köçməyi təklif edir. Kirayə haqqı kimi sakinlərin yaşadıqları evlərin sahəsindən asılı olaraq 250-450 manat ödənilməsi nəzərdə tutulur. Şirkətin sakinlərlə bağladığı müqaviləyə əsasən onlara yeni binada əvvəlki mənzillərindən 20 faiz geniş yaşayış sahəsi verilməlidir.

Lakin sakinlərin bir qrupu bu şərtlər altında köçmək istəmir. Onlar deyirlər ki, cəmi 10 manat nizamnamə kapitalı olan hansısa MMC-nin möhürünə etibar edib mənzillərinin dağıdılmasına razı ola bilməzlər. Çünki bu şirkətin müqavilə öhdəliklərinə əməl edəcəyinə onlarda əminlik yoxdur. Üstəlik məlum olub ki, söküntünü aparan və sakinlərə yeni mənzillər tikib verməyi vəd edən "Fədək” MMC-nin təsisçisi Yavər Qurbanov bundan əvvəl mənzil dələduzluğuna görə həbs olunub.

Belə ki, 2009-cu ldə Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Bakı şəhər sakini, "Eyfel” MMC-nin direktoru Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən çoxmərtəbəli binadan Rasif Sultanov adlı şəxsə mənzil satıb. Bu dələduzluq faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi təqdim edilib. Ərizə əsasında cinayət işi qaldırılıb və Qurbanov həbs edilib.

Yavər Qurbanovun direktoru olduğu həmin "Eyfel” MMC Bakı metrosunun Nizami stansiyasının yaxınlığında çoxmərtəbəli yaşayış binasının inşasını həyata keçirib. Mətbuatda yer alan xəbərlərə görə o, həmçinin Eldar Mahmudovun xüsusi agenti, hazırda beynəlxalq axtarışda olan "Akula Akif”lə birlikdə 2010-cu ildə "ZAZ” MTK adlı digər tikinti şirkəti də təsis etmişdi.

Göründüyü kimi hazırda Azadlıq prospekti, 80 ünvanındakı binanı yaşayış ola-ola sökən şirkətin təsisçisinin imici sakinlərin ona etibar etməməkdə heç də haqsız olmadığını göstərir.

Üstəlik sakinlər deyirlər ki, onlar Nazirlər Kabinetinin hüquq şöbəsində olublar (Bakıda yaşayış üçün yararsız olan binaların sökülüb yerində yenilərinin tikilməsi prezidentin müəyyən etdiyi proqram əsasında Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir-red.). Orada tikintinin vaxtilə dələduzluğa görə saxlanılmış şəxsə həvalə edilməsindən təəcübləniblər və rayon İcra Hakimiyyətinə zəng vurub bu haqda soruşublar. Buna baxmayaraq söküntü dayandırılmayıb.

Köhnə, yaşayış üçün yararsız binaların sökülərək yerində yenilərinin tikilməsi, sakinlərin daha rahat mənzillərə köçürülməsi əlbətdə əhəmiyyətli layihədir. Bu layihə həm sakinlərin rahatlığına, həm tikinti sektorunun canlandırılmasına xidmət edir. Lakin yaxşı olmazdımı ki, müvafiq strukturlar bu layihənin həyata keçirilməsini nüfuzlu, iri şirkətlərə həvalə etsinlər və sakinlərin köçürülməsi zamanı qarşıdurmalar, narazılıqlar, qalmaqallar yaşanmasın?





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...