Polşa prezidentinin Bakıya 2 önəmli təklifi - TƏHLİL

Polşa prezidentinin Bakıya 2 önəmli təklifi -

Polşa Prezidenti Andjey Dudanın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin strateji əhəmiyyətindən xəbər verir.

Gundeminfo.az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Andej Dudanın Azərbaycana ilk rəsmi səfərinin əhəmiyyəti xüsusi vurğulanıb:

“Dudadan əvvəlki prezidentlər də Azərbaycanda olublar, eləcə də İlham Əliyev iki il əvvəl Polşada rəsmi səfərdə olub. O zaman iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalandı ki, həmin sənəddə əlaqələrin mahiyyəti vurğulanıb. Polşa lideri biznes konfransda və polşalı memarların xatirəsinə həsr edilən lövhələrin açılış mərasimində də iştirak etdi. İki ölkə arasındakı əməkdaşlığın keçmişə dayanan müsbət tarixi var. Bakının ötən əsrin əvvəllərində inkişafında və müasir görkəm almasında polşalı memarların, mühəndislərin böyük rolu olub”.

Təhlildə Polşanın Avropa ölkələri içərisində Azərbaycana önəm verən əsas ölkələrdən biri olduğu qeyd edilib:

“Azərbaycanın da üzv olduğu Şərq Tərəfdaşlığı Proqramı ideyası da vaxtilə Polşa tərəfindən irəli sürülüb. İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi böyük deyil. Ona görə də hazırda iki ölkə arasındakı əlaqələrin inkişafında başlıca məqsəd istisadi əlaqələri yüksək səviyyəyə qaldırmaq, ortaq layihələri hərəkətə gətirməkdir. Polşada fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin də fəaliyyətini genişləndirməsinə ehtiyac var. Polşa Azərbaycanın iştirakçısı olan regional layihələrə, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq göstərir. Energetika sahəsində də əməkdaşlığın inkişafı perspektivləri mövcuddur. Məsələn, Polşa prezidenti təklif etdi ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olsun. Və ya Polşa Prezidenti Varşavanın Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki iştirakından faydalanmaq istədiyini bildirdi. Polşa Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanmasında və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündə maraqlıdır. Hər ikisinin müsbət həlli Azərbaycanla Polşa arasındakı strateji münasibətləri üst səviyyəyə qaldıracaq”.

Mərkəz Polşanın birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi vurğulayıb:

“Əlbəttə, Polşanın Ermənistanla da münasibətləri mövcuddur. Ancaq Varşava Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanla əməkdaşlığa önəm verir. Varşava da bilir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyadan asılıdır. Varşavanın isə Rusiyanın nəzarətində olan ölkələrə münasibəti birmənalı deyil. Polşa Avropa ölkələri içərisində Rusiyanın əsas tənqidçilərindəndir”.

Qeyd edək ki, Poşa Prezidenti Andjey Duda ötən gün ölkəmizdə rəsmi səfərdə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...