Polislər azərbaycanlı ailəni Almaniyadan qovdu
Mayın 28-nə keçən gecə Almaniyanın Deggendorf şəhərindəki miqrantlar üçün Bavariya tranzit mərkəzində alman polisi xüsusi əməliyyat keçirib, 4 nəfərdən ibarət azərbaycanlı ailəni və Syerra-Leonedən olan 6 nəfəri ölkədən qovub.
Virtualaz.org xəbər verir ki, miqrantlara qarşı əməliyyata Aşağı və Şimal Bavariya torpaqlarının polis idarələrinin əməkdaşları, həmçinin polis xüsusi təyinatlıları cəlb ediliblər.
Mənbə bildirir ki, polisdən əməliyyatın keçirilməsini və miqrantların həbs edilərək deportasiya olunmasını Almaniyanın Miqrasiya və qaçqınlar üzrə Federal idarəsi xahiş edib. Aşağı Bavariyanın polis qərargahının mətbuat katibi Yohan Lankes jurnalistlərə deyib ki, azərbaycanlılar və afrikalılar Almaniyaya gəldikləri Avropa ölkələrinə geri göndəriləcəklər, belə ki, miqrasiya ilə bağlı Avropa sazişinə əsasən, qaçqınlar sığınacağı yalnız ilk gəldikləri Avropa İttifaqı ölkəsindən istəyə bilərlər. Başqa sözlə, azərbaycanlı ailə və altı afrikalı müvafiq olaraq İtaliyaya və Slovakiyaya deportasiya ediləcəklər.
Polis əməkdaşları xüsusi təyinatlıların müşayiəti ilə gecə saat 4-ün yarısı Qaçqınlar üçün tranzit mərkəzinə daxil olduqları zaman miqrantlar onlara müqavimət göstəriblər. İki afrikalı polisdən qaçıb gizlənməyə macal tapıb, digərləri isə saxlanılıblar. Yalnız 7 və 10 yaşlı uşaqları olan azərbaycanlı ailə heç bir hadisə törətmədən polisə təslim olub. Alman qəzeti yazır ki, hazırda azərbaycanlı ailəni İtaliyaya deportasiyaya hazırlayırlar.
830 dəfə oxundu