"Azərbaycana qarşı şər və böhtan kampaniyasını Soros maliyyələşdirir" - Deputat şok faktları açıqladı
"Azərbaycan uzun illər ərzində anti-Azərbaycan qüvvələrin birgə səyləri nəticəsində AŞPA-da siyasi məhbus məsələsi ilə bağlı qərəzli münasibətlərə və ayrıseçkiliyə məruz qalıb. Avropa Şurasının siyasi məhbus anlayışının meyarlarının mövcud olmadığı bir vəziyyətdə 12 ildən artıq müddət ərzində bu qurumun üzvü olan dövlətlərdən yalnız Azərbaycanda siyasi məhbusların olması barədə iddialar irəli sürülüb, sənədlər qəbul edilib".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasınıdakı nümayəndə heyətinin keçmiş üzvü Elxan Süleymanov deyib.
O bildirib ki, bu məsələ 2005-ci ildə bir qədər səngisə də, 2009-cu ildə yenidən gündəmə gətirildi və anti-Azərbaycan qüvvələr 2009-cu ildə AŞPA Hüquqi Məsələlər Komitəsində Avropa Şurasının üzvü olan 47 ölkədən yalnız Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzənin hazırlanmasına dair qərar qəbul edilməsinə nail oldu. Almaniyalı deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbusların izlənilməsi üzrə məruzəçi təyin edildi: "Hüquqi Məsələlər Komitəsi sonradan Ştrasserə ikinci mandat verərək onu həm də siyasi məhbusların müəyyənləşdirilməsi üzrə məruzəçi təyin etdi. Beləliklə, AŞPA-da siyasi məhbus məsələsi ətrafında paradoksal bir vəziyyət yarandı: “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi və Azərbaycanda siyasi məhbusların izlənilməsi eyni bir deputata – Kristof Ştrasserə həvalə edildi. Belə bir qərarın qəbul edilməsi Avropa Şurası strukturlarında Azərbaycana münasibətdə qərəzli mövqeyin və ikili standartların mövcudluğunu bir daha nümayiş etdirmiş oldu".
O qeyd edib ki, Ştrasserin siyasi məhbusların müəyyənləşdirilməsi məruzəsi AŞPA-nın 2012-ci ilin oktyabr sessiyasında gərgin müzakirələrdən sonra 89 səs lehinə, 89 səs əleyhinə olmaqla prosedur qaydalarının mükəmməl olmaması səbəbindən hüquqi baxımdan qəbul edilmiş sayıldı: "Bu səsvermə AŞPA-nın məsələ ilə bağlı etibarlılığını sarsıtdı və Assambleyada ciddi parçalanma olduğunu sübut etdi. Halbuki, belə ciddi məsələlər 2/3 səs çoxluğu ilə qəbul edilməlidir. Lakin Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair sırf anti-Azərbaycan xarakteri daşıyan qərəzli məruzəsi 2013-cü ilin yanvar sessiyasında ciddi səs fərqi ilə rədd edildi – Assambleya üzvlərinin böyük əksəriyyəti bu qərəzli məruzənin əksinə səs verdi".
E.Süleymanov əlavə edib ki, anti-Azərbaycan qüvvələr Ştrasserin məruzəsinin qəbul edilməməsindən qəzəblənərək müxtəlif bəhanələrlə və vasitələrlə Azərbaycanda siyasi məhbus olması iddialarını yenidən gündəmə gətirməyə çalışdılar: "Hüquq Məsələləri Komitəsində 2014-cü ildə “Azərbaycanın Avropa Şurasına Sədrliyi: İnsan hüquqları ilə bağlı nə edilməlidir?” məruzəsinin hazırlanmasına nail oldular. Lakin məruzə Hüquq Məsələləri Komitəsində qəbul edildikdən sonra məruzəçi Alain Desteks müstəqil mövqe nümayiş etdirdiyinə görə anti-Azərbaycan qüvvələrin təzyiqləri və aparılan qərəzli kampaniyalar fonunda məruzəçi postundan istefaya məcbur edildi.
Nəhayət, Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olan anti-Azərbaycan qüvvələr yeni strategiya seçdilər. Bu strategiyanın əsasında Azərbaycanla əməkdaşlıq edən, Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqe nümayiş etdirən AŞPA üzvlərinə qarşı şər-böhtan kampaniyasının başlanılması, sanksiyaların tədbiq edilməsi və cəzalandırılması dayanmalı idi. Bunun üçün həmin qüvvələr tərəfindən AŞPA katibliyinin dəstəyi ilə Ştrasserin məruzəsinin əleyhinə səs vermiş üzvlərin Azərbaycanla korrupsiya xarakterli işbirliyində olmaları barədə iddialar irəli sürüldü, AŞPA-da korrupsiyaların olması barədə Avropa Stabillik Təşəbbüsü adlanan QHT tərəfindən bir neçə hesabat hazırlandı. Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılması məsələsi gündəliyə gətirildi və Müstəqil Kənar İstintaq Orqanının yaradılması barədə qərar qəbul edildi. Qeyd edilməlidir ki, anti-Azəırbaycan qüvvələrin və AŞPA katibliyinin rəhbəri Savitskinin bütün cəhdləri ilk növbədə Ştrasser məruzəsinin yenidən yazılmasına xidmət edirdi.
Lakin İstintaq Orqanı öz hesabatında etiraf edir ki, Ştrasser məruzəsinin səsverməsi zamanı səslərin pulla alınması məsələsinə dair nə Katibliyin əməkdaşları, nə də deputatlardan heç bir dəlil və sübut əldə edə bilməmişdir, səsvermənin nəticələrinə heç bir təsir olmaması qənaətinə gəlmişdir.
Buna baxmayaraq Hollandiyalı deputat Piter Omtzigt AŞPA-da yenidən Azərbaycanda siyasi məhbus məsələlərinə dair məruzənin hazırlanması barədə qətnamə layihəsi irəli sürdü. Artıq Büro bu məsələ ilə bağlı qərar qəbul edib və Assambleyanın iyun sessiyasında Azərbaycan üzrə siyasi məhbus məsələlərinə dair məruzəçi təyin ediləcək.
Vurğulanmalıdır ki, Piter Omtzigt Azərbaycana qarşı korrupsiya iddiaları kampaniyası zamanı Azərbaycanın düşmənlərinin lideri olmuş və daima Azərbaycana qarşı qərəzli iddialarla çıxış etmişdir. Hələ 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Erməni Əlaqəsi” hesabatında aşkar edilmişdir ki, yeni qətnamə layihəsinin müəllifi hollandiyalı Piter Omtzigt Soros fondu tərəfindən maliyyələşdirilir və ermənilərə xidmət edir.
Faktlar birmənalı şəkildə göstərir ki, Azərbaycanın beynəlxalq imicinə uzun illərdir ki zərbə vuran korrupsiya iddialarının müəllifi olan və Azərbaycana qarşı şər və böhtan kampaniyası aparan Avropa Sabitlik Təşəbbüsü təşkilatı Soros tərəfindən maliyyələşdirilir.
İstintaq Orqanının yekun hesabatında Avropa Sabitlik Təşəbbüsünün sədri Cerald Knaus təşkilatı beynəlxalq QHT kimi təqdim etsə də, təşkilat Avropa Komissiyası və Avropa Parlamentində 22 dekabr 2014-cü ildə lobbi təşkilatı kimi qeydiyyatdan keçmişdir. Avropa Sabitlik Təşəbbüsü Avropa Şurasındakı lobbiçilik fəaliyyətinə görə (xüsusilə Azərbaycana qarşı məruzələrin yazılması məqsədi ilə) 2012-2018-ci illər arasında Soros Fondundan 100 minlərlə dollar dəyərində maliyyə vəsaiti qəbul etmişdir. Belə ki, Cerald Knaus İstintaq Orqanındakı dinləməsi zamanı İstintaqı aldadaraq Soros Fondundan 2012-ci ildə 39.000 dollar qəbul etdiyini bildirmişdir. Əslində isə bu rəqəm 100.000 dollardır.“Siyasi məhbuslar məsələsi üzrə Avropa Şurasının effektliliyinin artırılması” məqsədi ilə Avropa Sabitlik Təşəbbüsü 2013 və 2014-cü illərdə hər il üçün Soros Fondundan 150.000 dollar qrant almışdır. Avropa Sabitlik Təşəbbüsünün Soros Fondu tərəfindən maliyyələşdirilməsini və həmin fond tərəfindən həyata keçirilmiş pul köçürmələrini təsdiq edən bank sənədlərinin sürəti qeyd edilənlərlə bağlı bütün şübhələri aradan qaldırır.
Beləliklə, AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanının yaradılmasının arxasında siyasi məhbus məsələsinin yenidən gündəliyə qaytarılması və Azərbaycanı siyasi poliqona çevirmək istəyi dayanırdı. Bunun üçün anti-Azərbaycan qüvvələr səfərbər edilmişdi. Bu qüvvələrə uzun illərdir ki AŞPA-da Azərbaycana qarşı qərəzli mövqedə olan Avropa Şurasının Baş Katibi Savitski rəhbərlik edir".
972 dəfə oxundu