ABŞ kəşfiyyatı əvvəlki kimi Rusiyadan məlumat ala bilmir- “The New York Times”
ABŞ xüsusi xidmət orqanları Rusiya hakimiyyətinin fəaliyyəti barədə Moskvadakı agentlərindən gizli informasiyalar almaq imkanından məhrum olub.
“Kommersant” qəzeti bu bardə “The New York Times” qəzetində xüsusi yazı dərc olunduğunu bildirib.
“NYT”nin qaynaqları həmin informatorların öldürülməsi və ya tutula bilməsi versiyasının üzərində çox dayanmırlar.
ABŞ kəşfiyyatı bu “köstəbək”lərin Rusiya əks-kəşfiyyatının aqressiv çalışması nəticəsində “yuvalarına” çəkildiyini güman edir. Bundan başqa Rusiyanın Baş Hərbi Kəşfiyyatının (QRU adı ilə daha çox tanınır-red.) törətdiyi iddia edilən Sergey Skripalın zəhərlənməsi hadisəsi onlara müəyyən qədər qorxulu dərs olub.
Qəzet ABŞ-ın Rusiyada fəaliyyət göstərən diplomatlarının qovulmasının da situasiyaya ciddi təsir göstərdiyini yazıb.
ABŞ MKİ-nin keçmiş əməkdaşı Con Sayfer rusların ABŞ kəşfiyyatının bir çox mənsubunu ölkədən çıxarmağa müvəffəq olduğunu etiraf edib. “Hazırda Moskvada olduqca az adam qalıb və onlar çox böyük nəzarət altındadırlar”, Sayfer bildirib.
Bununla belə “NYT” ABŞ-ın müxtəlif kanallardan informasiyalar ələ keçirməkdə davam etdiyini yazıb. Lakin xüsusi xidmət orqanları Moskvanın ABŞ-da bu ilin noyabrında keçiriləcək seçkilərdə nə edə biləcəyi barədə dəqiq məlumatlara malik deyillər. ABŞ-a xəbər ötürən agentlərin verdiyi informasiyalara görə rusların əsas hədəfi bu dəfə ölkənin demokratik institutlarına olan inamı sarsıtmaqdan ibarətdir.
Hələ bu ilin əvvələrində də indiki dövlət katibi, həmin vaxt isə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutan Maykl Pompeo da Moskvanın ABŞ-dakı siyasi proseslərə müdaxilə etmək cəhdlərindən vaz keçməyəcəyini açıqlamışdı.
779 dəfə oxundu