Lukaşenko əyyaş nazirləri işdən qovdu
Belarus prezidenti Aleksandr Lukaşenko hökumətdə ciddi kadr dəyişikliyi aparıb.
“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən verdiyi məlumata görə, prezident əyyaşlıq edən dövlət məmurlarını vəzifələrindən azad edib.
Lukaşenko yeni nazirlərlə görüş zamanı hökumətdə kadr dəyişikliklərindən sonra monitorinqi nəzarətdə saxlayacağını bildirib:
“Bildirim ki, bu islahatlar hələ son deyil. Mənim müəyyən etdiyim iş prinsiplərinə cavab verməyən, yaxşı işləməyən məmurlar vəzifədən kənarlaşdırılacaqlar”.
Onun sözlərinə görə, istefaya göndərdiyi rəhbər şəxslərin əksəriyyəti özlərini ləyaqətli şəkildə idarə etməyiblər:
“Mən axı sizin kiminlə içdiyinizə, kiminlə hamama getdiyinizə, kiminlə söhbət etdiyinizə nəzarət etmirəm. Sağlığınıza qismət. Siz rəhbərsiniz, bunu bacarmalısınız. O ki qaldı sərxoşluğa, siz qədərini bilməlisiniz .El arasında deyildiyi kimi kiminlə, harada, nə qədər içməli olduğunuzu unutmamalısınız. Əgər bu hissi itirirsinizsə, o zaman rəhbər deyilsiniz. Məhz buna görə də, yaxın zamanlarda bəzilərinizlə vidalaşmalı olacağıq.
Mən öz prinsip və tələblərimə dair açıq və qəti şəkildə demişəm ki, əyyaş rəhbər deyil”.
Qeyd edək ki, A. Lukaşenko avqustun 31-də Viktor Karankeviçi energetik naziri, Maksim Yermoloviçi maliyyə naziri, Andrey Rıbakovu isə Belarus Dövlət Neft-Kimya Konserninin sədri təyin edib.
834 dəfə oxundu