Trampın Suriyadan çıxmaq qərarı - tərk edilməyən labirint - ŞƏRH

Trampın Suriyadan çıxmaq qərarı -

ABŞ-ın Suriyadan çıxmağa başlaması müsbət qarşılansa da, bəzi müəmmalara səbəb olub. Prezident Donald Tramp terrorçu İŞİD-ə qarşı mübarizəni başa çatdırdıqları üçün ABŞ hərbçiləri və hərbi texnikasını bu ölkədən çıxarmaq barədə qərar imzalayıb. Elə həmin gündən amerikalılar hərbi texnikanı İraq istiqamətində daşımağa başlayıb. O, Suriyadan çıxmalarının gözlənilməz olmadığını, bu istiqamətdə kampaniya apardığını, habelə 6 ay əvvəl bunu edəcəyini açıqladığını vurğulayıb. Hətta ABŞ-ın bütün hərbi heyətini 60-100 gün arasında Suriyadan çıxaracağı iddia olunur. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Mətbuat xidmətinin əməkdaşı Rebekka Rebarix deyib ki, rəsmi Vaşinqton qoşunlarını Suriyadan çıxarana qədər bu ölkədə terrorçulara qarşı hava hücumlarını davam etdirmək niyyətindədir: “ABŞ qoşunları orada olduğu müddətdə müttəfiqlərimizə dəstək vermək üçün artilleriya və aviasiya zərbələrimizi davam etdirəcəyik”.
Əslində, Donald Trampın bu qərarı birmənalı qarşılanmayıb. Pentaqon rəhbəri Ceyms Mettis 2019-cu ilin fevralında vəzifəsindən istefa verəcəyini bildirib. Onun adından yayılan məlumata əsasən, nazir bu addımını Donald Trampla baxışlarının uyğun gəmədiyi ilə əsaslandırıb: “Çünki sizin (Donald Trampı nəzərdə tutur - S.İ.) baxışlarınıza daha yaxın müdafiə nazirinə malik olmaq, mənim də vəzifəmdən istefa vermək hüququm var”. C.Mettis bəyanatında qeyd edib ki, ABŞ güclü müttəfiqlik əlaqələri olmadan və müttəfiqlərə hörmət göstərmədən öz maraqlarını müdafiə edə bilməz. Yeri gəlmişkən, cari il martın 13-də ABŞ-ın dövlət katibi Reks Tillerson da Yaxın və Orta Şərq məsələsində, xüsusilə Suriya probleminin həllində Donald Trampla fikir ayrılığına görə istefa vermişdi. Donald Tramp istefadan 9 ay ötəndən sonra onun fəaliyyətinə qiymət verərək dövlət katibi vəzifəsini icra etməsi üçün Reks Tillersonun düşüncəsinin çatmadığını yazıb: “Reks Tillerson kütbeyin və tənbəl idi”.
Trampın Suriyadan çıxmaq qərarı -
Trampın Suriyadan çıxmaq qərarı -

Bu arada ABŞ-ın müttəfiqi Fransa Suriyada qalıb terrora qarşı mübarizə aparacağını bildirib. Bununla belə, ölkənin silahlı qüvvələr naziri Parli ABŞ Prezidentinin qərarının narahatedici olduğunu deyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə vurğulayıb ki, ABŞ razılaşmaya əməl etməlidir. NATO ABŞ-ın Suriyadan çıxması, terrorçu İŞİD-in ərazi, maliyyə və başqa məsələlərdə dəstək əldə etməsinə qarşı mübarizədə müttəfiqlər ilə birlikdə fəaliyyət göstərəcəyi barədə qərarını diqqətlə izləyəcəklərini bildirib. Rusiya Prezidenti Vladimir Putin ABŞ ordusunun Suriyada mövcudluğunun qanunsuz olduğunu desə də, Moskva və Vaşinqtonun terrorizmə qarşı mübarizədə əhəmiyyətli dəyişikliklər əldə etdiklərini və Suriyada İŞİD-ə ciddi zərbələr endirdiklərini vurğulayıb. Bununla belə, Rusiya lideri ABŞ-ın qoşunlarını Suriyadan geri çəkmək qərarını alqışlayıb. Amma onun çıxışında ABŞ-ın Suriyadan çıxacağına şübhə ilə yanaşdığı da hiss edildi. Odur ki, bu yerdə bir məsələni vurğulamaq daha məqsədəuyğun olar. Vladimir Putin 2016-cı ilin martında bildirdi ki, Rusiya 2015-ci il sentyabrın 30-danSuriyada başladığı hərbi əməliyyatları başa çatdırmaqdadır: “Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə bütünlüklə yerinə yetirilib. Ona görə də müdafiə nazirinə sabahdan (2016-cı il martın 15-dən - S.İ.) bizim hərbi birləşmələrimizin əsas hissəsinin Suriya Ərəb Respublikasından çıxarılmasına başlaması barədə göstəriş verirəm”. Hər halda Rusiyanın Suriyadan çıxmasına nəzarət və bu prosesi müşahidə edən heç bir təşkilat olmadığından, təxminən, üç ildən sonra bu əmrin icra vəziyyəti barədə fikir söyləmək çətindir. Başqa sözlə, Rusiya hələ də Suriyadadır və Bəşşar Əsədə yardım edir. Ona görə də Donald Trampın qərarı ilə bağlı bəzi suallar yaranır. Doğrudanmı ABŞ Suriyadan bütün hərbi heyəti çıxaracaq? Bu, sonradan geri dönmək üçün zəmin hazırlamaq məqsədi daşımır? Amerikalı hərbçilərin Suriyadan çıxması Türkiyə, İran və Rusiya üçün bir tələ deyil?
Trampın Suriyadan çıxmaq qərarı -
Trampın Suriyadan çıxmaq qərarı -

Məlum olduğu kimi, İraq və Suriya keçmiş SSRİ-nin dövründə Moskvayönümlü idilər. Ona görə də ABŞ bu iki ölkənin ərazisinə də daxil ola bilmirdi. Az qala, 70 ildən sonra ABŞ ordusu 2015-ci ilin payızında rəsmi olaraq İŞİD-ə qarşı mübarizə adı altında Suriyaya daxil oldu və əməliyyatlara başladı. Odur ki, üç ildən sonra ABŞ-ın buranı tamamilə tərk edəcəyi məntiqi görünmür. Donald Trampın məlum qərarından bir neçə gün əvvəl Suriyada terrorçu PKK/YPG-PYD-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələri üzvlərindən ibarət 40 minlik qoşun hazırladığı barədə məlumat yayılmışdı. Bu rəqəmin 70 minə çatdırılacağı ehtimal olunur. ABŞ iddia edir ki, bu silahlı qüvvələr Suriyanın təhlükəsizliyini təmin edəcək. Odur ki, həmin qoşunun tərkibində amerikalı hərbçilərin qalacağı istisna edilmir. Birləşmiş Ştatların Suriyada mövcudluğu həm də İsrailin təhlükəsizliyinin təmini kimi də dəyərləndirilə bilər. Ona görə də amerikalı hərbçilərin bu ölkəni tamamilə tərk edəcəyi ehtimalı böyük deyil. Tutaq ki, ABŞ hərbçiləri Suriyanı tərk etdi. Bəs bu ölkədəki 20-dən artıq baza kimin ixtiyarına veriləcək? Ehtimal etmək olar ki, ABŞ daha çox SDQ-yə istinad edəcək. Bu isə Suriyanın bir dövlət olaraq gələcəyinin şübhə altına alınması deməkdir. PKK/YPG-PYD də Donald Trampın qərarına etiraz edən kimi görünür. Onlar ABŞ-ı hədələyərək terrorçu İŞİD qruplaşmasının bu günə qədər tutduqları 3 200 üzvünü sərbəst buraxa biləcəklərini vurğulayıblar. Belə çıxır ki, terrorçu PKK-nın da öz İŞİD-i var. Yaxud ABŞ yenidən bölgəyə qayıtmaq üçün YPG-PYD-nin avantürasından istifadə edə bilər.
Trampın Suriyadan çıxmaq qərarı -

Hər halda Suriyadakı terrorçular istər İŞİD, istərsə də PKK-nın qolları Türkiyənin ərazi bütövlüyünü təhdid edir. Rəsmi Ankara bu təhlükənin qarşısını almaq üçün Suriyada antiterror əməliyyatı keçirib. Fərat çayının şərqini PKK-çılardan təmizləmək məqsədilə yeni antiterror əməliyyatına başlayacağını bildirir. Bunun üçün ABŞ-dan həmin ərazidə himayə edib təlimatlandırdığı YPG-PYD cütlüyünü tərk etməsini istəyib. Əks halda, bölgəni terrorçulardan təmizləyəcəyini bəyan edib. Ancaq amerikalılar Fərat çayının şərqini himayə etdiyi PKK-çılardan təmizləməkdənsə, Suriyanın şimal-şərqindən öz hərbçilərini çıxarmağa başladığını bildirir. Bu da Türkiyə hərbçilərinə qarşı yeni bir tələyə oxşamırmı?! Donald Tramp bildirib ki, Rusiya, İran, Suriya (Bəşşar Əsəd rejimini nəzərdə tutur - S.İ.) və başqaları İŞİD-in regional düşmənləri sayılırlar və bu terrorçu qruplaşmaya qarşı mübarizəni də onlar aparmalıdırlar. Onda belə qənaətə gəlmək olar ki, ABŞ öz hərbçilərini bölgədən çıxarmaqla Rusiya, İran, Suriya və Türkiyəni mənşəyi məlum olmayan, hələ də müəmmalı qalan terrorçu İŞİD-lə üz-üzə qoyur. Deməli, cari ilin yayında İran, Rusiya və ABŞ rəsmiləri Suriyada İŞİD-in qalmadığını iddia etsələr də, onların hara “qeyb” olduğuna dair heç bir açıqlama verilmədi. Ona görə də ehtimal etmək olar ki, Suriyada adları çəkilən və çəkilməyən dövlətlər üçün bir tələ hazırlanıb. Onların başı bu dolanbacdan çıxmağa qarışacaq. Türkiyə üçün təlimatlandırılmış, terrorçu PKK/YPG-PYD-nin uniformasını geymiş silahlılardan, Rusiya və İrana qarşı isə PKK-nın azad etməklə hədələdiyi 3 200 nəfərlik (hara çəkildikləri məlum olmadığından onların sayı arta da bilər) İŞİD terrorçularından ibarət tələ qurulub. Bu çoxbaşlı “dəzgah” həm də ABŞ-ın bölgədəki siyasətinə qarşı çıxanların başlarını qarışdırmağa xidmət edə bilər.

Nəhayət, dekabrın 21-də Donald Tramp administrasiyasının Əfqanıstanda olan ABŞ hərbi kontingentinin sayını əhəmiyyətli dərəcədə azaltmaq ehtimalını nəzərdən keçirdiynə dair məlumat yayılıb. İnformasiyaya əsasən, Amerika qoşunlarının bir hissəsinin Əfqanıstandan çıxarılması bir neçə həftə ərzində başlaya bilər. ABŞ 1979-cu ildən müxtəlif formalarda, adlar, layihələr adı altında Əfqanıstanda mövcuddur. Bu ölkədəki hərbçilərinin sayını azaltsa da, tam çıxmayıb. Odur ki, böyük dövlətlər istədiklərinə nail olmayanadək girdikləri ölkələri belə asanlılqa tərk etmirlər. ABŞ isə Suriyada hədəflərinə çatmayıb. Bəşşar Əsəd rejimi ölkənin bir hissəsinə nəzarət edir, terrorçu İŞİD silahlılarının isə PKK-nın nəzarətində qalmasına ABŞ icazə verib. Deməli, ölkə İŞİD-dən də təmizlənməyib və s. İşlər yarımçıq qalıb. Belə hal isə Birləşmiş Ştatlara başucalığı gətirməz, onu etibardan salar. Əgər baş verənlərin səhnə arxası oyunlarının olmayacağına inansaq, onda belə ehtimal etmək olar ki, yeni ABŞ yaranır. Ancaq Birləşmiş Ştatlar Prezidentinin “Amerikanı yenidən böyük edək!” şüarı qüvvədə olduğundan bunun reallaşdığına ümid azalır. Ona görə də heç kim heç yerə çıxmır. Hamı öz yerindədir. Yaxın və Orta Şərq labirintindən hələ heç kim çıxmayıb. Oyunun təzələnməsi, qüvvələrin yerdəyişməsi prosesi başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...