Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozub
Suriyada hərbi əməliyyat keçirən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrdən biri Türkiyə dövlətinin hava məkanını pozub.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi faktla bağlı sərt bəyanatla çıxış edib. Bəyanatda bildirilir: “Rusiya Federasiyasına məxsus bir hərbi təyyarə oktyabrın 3-də saat 12.08-də Yayladağı (Hatay) bölgəsinin güneyində hava sahəmizi pozub. Bölgədə uçuş həyata keçirən iki ədəd “F-16” təyyarəmiz tərəfindən müdaxilə edilməsi nəticəsində rus təyyarəsi Türkiyə hava məkanını tərk edərək Suriyaya keçib. Hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri nazirliyimizə çağırılaraq pozuntu faktına güclü şəkildə etiraz bildirilib, bu cür hallara yol verməmək tələb edilib, əks təqdirdə, baş verə biləcək arzuedilməz bir hadisəyə görə Rusiya Federasiyasının məsuliyyət daşıyacağı onun nəzərinə çatdırılıb”.
Açıqlamada deyilir ki, Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq məsələ ilə bağlı eyni mövqeni təkrarlayıb və Ankaranın etirazını ifadə edib: “Hörmətli nazirimiz ABŞ, İngiltərə, Fransa, İtaliya xarici işlər nazirləri ilə məsələni müzakirə edib. NATO baş katibi və Almaniyanın xarici işlər naziri ilə də müzakirə aparılacaq”.
1060 dəfə oxundu