Rus xalqı müharibəpərəst liderini niyə sevir?

Rus xalqı müharibəpərəst liderini niyə sevir?


Əksər xalqlar müharibələrdən qaçırlar; ruslarda bunun əksidir; Putinin nüfuzunun ən pik nöqtəsi bu zamanlara təsadüf edir

Qabil Hüseynli: “Ərazilərini indiyə qədər 1365 dəfə genişləndiriblər...”

XXI əsrdə dünya praktikasında bir hal müşahidə olunmaqdadır. Xalqlar müharibələrdən qaçırlar. Hətta işğala məruz qalan, böyük faciələr yaşayan, torpaqları işğal olunan millətlər belə müharibə istəmirlər. Dövlətlər arasında dostluq münasibətlərinin yaradılması istiqamətində daha çox cəhdlər edilir.

Amma qonşu Rusiyada dünya sistemindən fərqli siyasətin aparıldığının şahidi oluruq. Rus xalqı daha çox müharibə tərəfdarı olan xalq görkəmi yaradır. Xüsusilə, bunu Gürcüstan, Ukrayna və son olaraq da, Suriya ilə bağlı aparılan siyasətdə müşahidə edirik. Rus xalqı müharibə tərəfdarı olan liderinin yanında olur. Prezident Vladimir Putinin timsalında dediklərimizi sübut edə bilərik. Putinin nüfuzunun ən pik nöqtəsi bu zamanlara təsadüf edir...

Tarixdən də müşahidə olunduğu kimi, imperiya dövrü yaşamış imperialpərəst xalqlar daim müharibə, münaqişə abı-havasında olurlar. Pyotrun dövründən başlayaraq, tarixdə gedən əksər böyük müharibələrin mərkəzi nöqtəsində rus xalqı olub. Təkcə XX əsrdə gedən iki böyük dünya müharibəsini göstərmək kifayət edər. Hazırda dünyada yaranan münaqişə ocaqlarında ya real, ya da dolayısı yolla şimal qonşumuzun izlərini görərik.
Etiraf etmək lazımdır ki, bu xalqı işğalçı kimi təqdim etmək ədalətsizlik olardı. Çünki rus xalqı dünyada elmə, mədəniyyətə və başqa mühüm sahələrə böyük töhvələr verən millətdir.
Politoloq Qabil Hüseynli müharibə istəyinin rus xalqının gen yaddaşı ilə bağlı olduğunu bildirdi: “Rus xalqı hələ mərkəzləşmiş Rusiya dövləti yaranmadan, IV Qroznuya qədər kiçik ərazidə yaşayırdılar. Bu ərazilərin genişləndirilməsi üçün daim ətrafdakı tayfalara basqın edirdilər. Militarist bir xalq kimi formalaşmağa başladılar. Rusların gen yaddaşında qonşularla daim müharibə aparmaq, mütləq müharibə yolu ilə əraziləri genişləndirmək fikirləri əsas yer tutur. Hətta rus yazıçılarının özləri tərəfindən belə, bu xalqın müharibəyə meylli olması ciddi tənqid atəşinə tutulub. Rus xalqının formalaşmasında əslən türk tayfaları olan monqollar mühüm rol oynayıblar. Rus xalqının genetik yaddaşında militarizmin oturuşmasında I Pyoturun və İvan Qroznunun böyük rolu var. Məhz bu şəxslərin rəhbər olduqları dönəmlərdə böyük qələbələr qazanılıb, monqol tayfaları məğlub edilib. Əraziləri genişləndirmək cəhdləri rusların beyinlərdə oturuşub. Yeni ərazilər uğrunda mübarizəni həyat ideallarına çevirirlər. Pyotrun vəsiyyətlərində bütün bunlar açıq şəkildə özünü büruzə verir. Özü də qazandıqları yaxud ələ keçirmək istədikləri torpaqları tarixi əraziləri kimi qələmə verirlər. Ruslar XI əsrdə olan ərazilərini indiyə qədər 1365 dəfə genişləndiriblər. Bu xalq müharibə əsiridir, bir ideya ortaya atılanda ətrafında toparlanmağı bacarırlar. Rus xalqının tarixində bunlar qəhrəmanlıq kimi qələmə verilir. Əslində bu təcavüzkar davranışdır. Bu, rus xalqının kiçik ərazidən böyük əraziyə çevrilməsində mühüm rol oynayıb. Bu gün də bu siyasəti bəyata keçirməyə meylli görünürlər”.

Politoloq Putinin nüfuzunun güclənməsinə də toxundu: “Bu günlərdə Putin siyasəti ilə nüfuzunu rus xalqı arasında asan yaymağı bacarır. Bu xalqın özü müharibəyə meyllidir. Müharibə çağırışı edən rəhbəri sevgi ilə dəstəkləyirlər. Belə xalqlar tarixdə olub. İngilisləri misal göstərmək olar. Lakin sonradan onlar bu siyasətlərinin səhv olduğunu anlayıb, işğal etdikləri ərazilərdən könüllü sürətdə çıxdılar. Bu gün də müharibələrdən çəkinirlər. Hətta müharibələri pisləyirlər. Təəssüflər olsun ki, hələ də dünyada militarizm təfəkküründə olan xalqlar var. Onlardan biri də ruslardır. İlk növbədə erməniləri qeyd etsək, arxasında rusları göstərə bilərik. Rusiyanın əsarətində saxladığı böyük xalqlar var. Rusları əsarətdə uzun müddət saxlayan tatarları misal göstərə bilərik. Rusiyanın tərkibində yaşayan 10-dan çox türk xalqı var. Hazırda rusların içərisində radikal millətçiliyi daşıyan insanlar az deyil. Siyasi elitanın içərisində təmsil olunublar. Onlar Rusiyanı hazırda dünyada yaşadığı münaqişələrin içərisinə sürükləyirlər. Nəticədə mənasız müharibələrə gətirib çıxarır. Hazırda dünyadakı iqtisadi böhranın kökündə duran səbəblərdən biri də Rusiyanın davakar siyasətidir”.
Q.Hüseynli onu da qeyd etdi ki, rus xalqının dünya elminin inkişafında böyük xidmətləri olub: “Hazırda Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə gedir. Amma onu da etiraf etmək lazımdır ki, ruslar böyük xalq kimi, elmdə, mədəniyyətdə nailiyyətlər qazanıblar. Lakin militarist təfəkkür Rusiyanı daim geriyə dartan, xalqlarla üz-üzə qoyan problemlərə gətirən amil olub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...