Blatterdən Rusiya ilə bağlı şok açıqlama
FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib. APA-nın xəbərinə görə, Y. Blatter bunu Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib. O bildirib ki, gizli razılıq FİFA ali rəhbərliyində əldə olunub və səsvermənin nəticələrini saxtalaşdırmağı da nəzərdə tutub: “Razılaşdırılan və yazılı olmayan qərar onu nəzərdə tuturdu ki, səsvermə nəticəsində biz iki nəhəng derjava – Rusiya və ABŞ-ı seçəcəyik”.
Qeyd edək ki, ABŞ 2022-ci il dünya çempionatına ev sahibliyi etmək arzusunda olub, lakin səsvermədə Qatara uduzub. Gizli razılıq barədə qərarın FİFA İcraiyyə Komitəsinin bütün üzvləri tərəfindən qəbul edilib-edilmədiyi haqda sualı cavablandıran Blatterin sözlərinə görə, qərarı İK qəbul etməyib: “Bu, kulisarxası qərar idi, hər hansı müşavirə olmayıb”.
Y. Blatter UEFA prezidenti Mişel Platininin öz səsini Qatara verərək 2022-ci il dünya çempionatı ilə bağlı razılaşmanı pozduğunu və bunun ABŞ-ın qəzəbinə səbəb olduğunu vurğulayıb. Xatırladaq ki Y. Blatter daha öncə dünya çempionatlarının ev sahibliyi uğrunda mübarizəni uduzan dövlətləri FİFA-nı parçalamaq kampaniyası aparmaqda ittiham etmişdi. O, FİFA-dakı korrupsiya qalmaqalının ABŞ-Rusiya konfliktindən qaynaqlandığını söyləyib.
1101 dəfə oxundu