ABŞ-ın 900 milyardlıq yardım paketindən sonra dollar ucuzlaşacaqmı?
ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri dolların məzənnəsidir.
Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, COVİD-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir.
"Dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir. Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən də kəskin dəyər itirəcəyi gözlənilmir.
İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq, qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır.
Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyir. Ümumiyyətlə, region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur”.
527 dəfə oxundu