Putinin yeni "tələsi" - ANALİZ
Qazaxıstan, Rusiya və Belarus AİB-yi daxilində neft ittifaqı yaradır.
Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi Birliyi (AİB) daxilində neft və neft məhsullarının vahid bazarını yaratmaq niyyətində olduqlarını açıqlayıblar.
ANS PRESS-in məlumatına görə, vahid bazar daxilində 2024-cü ilə qədər ikitərəfli müqavilələrin bağlanaması və vahid birjanın yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində neft və neft məhsullarının nəqli üçün xüsusi anbarlar yaradılacaq. Birliyinin dekabrda keçiriləcək iclasında müzakirə ediləcək məsələ ətrafında iştirakçı dövlətlər arasında kəskin fikir ayrılığı yaranıb.
Belarus höküməti təklif edir ki, birlik daxilində yaradılan bazarda neftin qiyməti beynəlxalq birjalardakı qiymətlərdən yüksək olmamalıdır. Digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinin hüdudlarından kənarda yerləşən neft və neft məhsullarının həmin bazara gətirilmə xərcləridə nəzərə alınmalıdır.
Rusiya tərəfi isə bu cür yanaşmanın qiymətlərin formalaşmasında bazar prinsiplərinə uyğun olmadığını deyir. Bu birlik ölkələri arasında səmərli əməkdaşlığın prinsiplərini pozur. Qazaxıstan isə öz növbəsində yeni bir təkliflə çıxış edir. Təklifə görə qiymətlər yalnız bazar mexanizmlərinə əsasən formalaşmamalı, həmçinin ölkələr arasında rəqabət mühiti də yaradılmalıdır.
29 may 2014-cü il tarixində Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını koordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.
Birliyin tərkibinə adıçəkilən dövlətlərdən başqa Ermənistan və Qırğızıstan da daxildir.
Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərin prezidentləri
Təşkilat yenicə yaranmasına baxmayaraq dövlətlər arasında fikir ayrılıqları ortaya çıxır. Məlumdur ki, son zamanlar Azərbayanın AİB-nə daxil olacağı ilə bağlı xəbərlər tez-tez yayılır. Artıq Elmar Məmmədyarov və İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycanın bu ittifaqa daxil olmasını istisna etmədiklərini deyib.Azərbaycanı regionun ən böyük neft ixracatçılarından biri olduğunu nəzərə alsaq, birlik daxilində iqtisadi məsələlərdə böyük mövqeyə malik olacağını söyləmək olar. Əgər Azərbaycan bu təşkilata daxil olarsa, o zaman onun neft startegiyasının necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, Azərbaycan bu birliyə daxil olarsa belə onun enerji stategiyasında dəyişiklik olmayacaq.
“Azərbaycan müstəqillik əldə etdikdən sonra enerji təhlükəsizliyi və neft məhsulları ilə bağlı hər hansı dövlətdən asılılıqdan həmişə çəkinib. Ölkəmiz neft məhsullarının istehsalına özü üstülük verdiyi üçün Qazaxıstanın, Belarusun və Rusiyanın neft bazarları ilə əlaqəsi yoxdur. Çünki bizim özümüzün neft kəmərlərimiz və bazarlarımız var. Bu birlik bizim gəlirlərimizə və xərclərimizə heç bir təsir göstərməyəcək”.
İlham Şaban bildirdi ki, Belarusun və Qazaxıstanın Rusiya ilə neft birliyi yaratması başadüşüləndir. Çünki Belarus və Rusiya arasında Sovet İttifaqı dağıldıqdan sonra neftin mübadiləsinə dair xüsusi saziş var.
"Rusiya iki ölkə arasında razılaşdırılmış qiymətlər əsasında Belarusa neft ixrac edir. Belarus onu emal edir və bir hissəsini xarici bazarda satır. Qazaxıstan isə böyük həcimdə neft istehsal etməsinə baxmayaraq, indiyə qədər özünün daxili bazarını neft məhsulları ilə təmin edə bilmir. Buna görə də Qazaxıstan Rusiyanın neft eməli müəsissələrindən asılı vəziyyətdədir. Asılılıq bir müddət davam edəcək. Bu səbəbdən Rusiya bazarlarındakı qiymət dəyişiklikləri Qazaxıstandakı neft məhsullarının satışına kəskin təsir edir. Bütün bu səbəblərdən Qazaxıstan və Belarus öz bazarlarını tənizimləmək üçün belə bir birliyin yaradılmasında maraqlıdır”.
Rusiyanın ortaya atdığı bu neft birliyi dünya təcrübəsində ilk rast gəlinən təşkilat deyil. 1960-cı ildə yaradılan OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola qoşulub. Amma Rusiyanın yaratmaq istədiyi birlikdən fərqli olaraq burada qərarlar bütün iştirakçı dövlətlərin razılığı ilə verilir.
Bu səbəblərə diqqət yetirdikdə görürük ki, Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyi daha çox bu ölkənin iqtisadi təsir alətinə çevirilir. Nəzərə alsaq ki, Rusiya böyük iqtisadi gücə malikdir, bu neft birliyində də həmin ölkənin diqtəsi öz sözünü deyəcək. Çünki Qazaxıstan və Belarus Rusiyadan böyük iqtisadi asılılığa malikdir.
Bütün bu səbəblərdən birliyin gələcəkdəki taleyi sual altına düşür. Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra üzünü Avropaya tutdu. Bu baxımdan özü regional və beynəlxalq müqavilələrə imza atdı. Bakı – Tiblisi – Ceyhan, Bakı – Supsa və digər neft kəmərləri Azərbaycanı regional gücə çevirdi.
1167 dəfə oxundu