Hacı Şahin ağladığı mərasimdən danışdı - VİDEO

Hacı Şahin ağladığı mərasimdən danışdı -

Son günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin əzadarlığı ilə bağlı yazdığı fikirlər qalmaqallara səbəb olub. Belə ki, ilk olaraq deputat Seyid Taleh kimi tanınan mərsiyəxanın videosunu paylaşıb. Videoda Seyid Taleh mərsiyə oxuyur, arxada isə ilahiyyatçı Hacı Şahin Həsənli əyləşib ağlayır.

Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin islam dini ilə heç bir əlaqəsinin olmadığını yazıb.

Kult.az məsələ ilə bağlı Hacı Şahin Həsənlinin Musavat.com-a açıqlamasını təqdim edir:

- Orada söhbət, fikir verirsinizsə, əzadarlığın xurafat kimi təqdim olunmasından gedir. Özünüz bilirsiniz ki, fəaliyyətimdə xurafat və mövhumata qarşı olduğumu bəyan etmişəm. Ümumiyyətlə, fəaliyyətimin əsas prioritet istiqaməti də xurafatla mübarizə olub. Əvvəla, milyonlarla insanın əsrlərlə icra etdiyi dini ayini xurafat adlandırmaq tamamilə yanlışdır. Əzadarlıq Qurani-Kərimlə heç bir ziddiyyət təşkil etmir. Bəzən soruşurlar ki, Qurandan tutalım İmam Hüseynin əzası ilə bağlı ayə gətirin. Axı Kərbəla hadisəsi Quran nazil olduqdan sonra baş verib. Quran bir şeyi qadağan etmirsə, ona yox demirsə o, icazəli olur. Əks arqument olaraq deyə bilərəm ki, Qurandan bircə ayə gətirin ki, orada əzadarlıq qadağan olunur. Ümumiyyətlə, bu, hisslərə, emosiyalara bağlı olan məsələdir. Din iki qatdan ibarət olmalıdır - rasional müstəvidə və emosional müstəvidə. Rasionallıqla emosionallıq bir-birini tamamlamasa, insan mənəviyyatında naqislik yaranır. Yəni böyük bir faciə yad olunursa, yüzlərlə insanın qətli, südəmər körpənin öldürülməsindən danışılırsa, bu da insanı kövrəldirsə, burada hansısa Quran ayəsi axtarmaq kökündən yanlışdır. Quranda bunu qadağan edəcək heç bir ayə yoxdur. Ümumiyyətlə, şəhidlərə əzadarlıq saxlamaq peyğəmbərin özünün qoyduğu əməllərdəndir. Peyğəmbər hələ İmam Hüseynin şəhidliyini öncədən xəbər verib, ona göz yaşı axıdıb və ona göz yaşı axıdanlar barədə dua etmişdi. Yəni bu, doğrudan da İslam aləmində misli görünməmiş bir faciədir. Bunu yad edərkən insanın kövrəlməsi isə ən təbii bir haldır. Təbii ki, bu, acizanə şəkildə ağlayıb, sızlamaq deyil. Yəni İmam Hüseynin məktəbi, Kərbəla bir qəhrəmanlıq məktəbidir. Ancaq bunun emosional yönü də var.

Şəhidə ağlamaq haqqında tarixdə də faktlar var. Uhut döyüşündən sonra peyğəmbər qayıdır, görür ki, şəhidlər üçün əzadarlıq edirlər, ancaq Həzrəti Həmzəyə ağlayan yoxdur. Peyğəmbər deyir ki, Həmzəyə ağlayan yoxdur və özü onun cənazəsinin yanında ağlayır, kövrəlir. Peyğəmbər öz övladını dəfn edən zaman ağlayır, anasının məzarı üstündə ağlayır. Yəni ağlamaq qadağandır deyənlər bu gün əsasən radikal cərəyanların təmsilçiləridir. Deyirlər ki, şəhid cənnətə gedir və cənnətə gedən üçün ağlamaq nəyə gərəkdir. Ümumiyyətlə, əzadarlıq məsələnin ictimai yönünə görədir. Fərdi baxımdan şəhid xoşbəxtliyə, səadətə çatır. Ancaq ictimai yöndən şəhidliyi təhlil etsək, bir cəmiyyətdə şəhid varsa, haqq uğrunda öldürülən varsa, bu, məsələnin faciəvi tərəfidir. Haqq uğrunda insan öldürülürsə, bizim şadyanalıq etmək haqqımız yoxdur. Tutalım bu gün Qarabağda övladlarımız şəhid olursa, biz onların cənazəsinin yanında qəmlənirik, kədərlənirik. Biz şəhidlərə təəssüf etmirik. Çünki onlar Allaha qovuşublar. Ancaq onu doğuran şəraitə etirazımızı bildiririk ki, niyə işğalçı öz torpağımızda əsgərlərimizi qətlə yetirir. Eləcə də Kərbəlada baş verən hadisənin matəm tərəfi onun ictimai yönünə aiddir.

- Seyid Talehin oxuduqları tez-tez tənqid olunur. Hətta buna görə onu təhqir edənlər də var. Sizcə, onun söhbətləri dinə uyğundurmu?

- Ümumiyyətlə, şəxslərin oxuduqlarını müzakirə etmək istəmirəm. Ancaq istənilən məsələdə, tutaq ki, dinin təbliğində, Qurani-Kərimin özünün ayələrinin başa düşülməsində yanlışlar ola bilər. Heç kim yanlışdan sığortalanmayıb. Ancaq bəhs edilən videoda hər hansı faciəli bir şey görmürəm. Kimsə də kimisə tənqid edə bilər. Biz özümüz də tənqidə açıq insanlarıq. Ancaq burada söhbət kiminsə təhqir olunmasından gedir. İstənilən insana qarşı təhqir yolverilməzdir. Bununla qətiyyən razılaşmaq olmaz. Xüsusilə də xalqımızın dəyərləri ilə bağlı olan məsələlərə belə yanaşmaq tamamilə yanlışdır. Ümumiyyətlə, insanların emosiyalarını ələ salmaq kökündən yanlış hərəkətdir. Əlbəttə ki, bunu statusu paylaşan bir insan edir. Bunun millət vəkili tərəfindən paylaşılmasını yanlış hesab edirəm. Söhbət məsələnin tənqid olunmasından gedir. Biz özümüz də müxtəlif məsələləri tənqid edirik. Əzadarlıqla bağlı ifrata varan, baş yaran insanlar olur ki, onlara qarşı hər zaman prinsipial mövqe tutmuşuq, tənqid etmişik. Ancaq bütövlükdə bu ayini gerilik adlandırmaq bizim tarixi keçmişimizin böyük bir hissəsini inkar etməkdir. Bizim demək olar ki, bütün klassiklərimiz mərsiyə janrına müraciət ediblər. Füzulidən tutmuş bu günə qədər böyük şairlərimiz bu mövzuya müraciət edib, mərsiyələr, ədəbi əsərlər yazılıb. Bu, demək olar ki, bizim mədəniyyətimizin bir çox sahələrinə sirayət edib. Belə bir şeyi bütövlükdə inkar etmək, gerilik adlandırmaq səhvdir.

- Bu kimi halların insanların cəhalətə sürükləməsi ilə bağlı fikirlərə münasibətiniz necədir?

- Cəhalətlə bu məsələnin heç bir əlaqəsi yoxdur. Fikir verirsizsə, Qurani-Kərimdən tutarlı dəlillər gətirilir və bildirilir ki, Allahı xatırladıqları zaman qəlbləri titrəyir, gözləri yaşla dolur. Yəni Quran sırf quru rasional təhlil deyil. Quran emosionallıqla rasionallığın vəhdətidir. Yəni insan ağlının süzgəcindən keçirdiklərini qəbul etdikcə, bu, onun emosiyalarına da müsbət təsir göstərir. Dini başqa düşüncələrdən fərqləndirən cəhət həm də budur ki, din həm ağıla, həm də hissə nüfuz edir. Bu nüfuzetmə sağlam, məntiqi əsaslara söykənirsə, nəinki elmə ziddir, geriliyə aparır. Əksinə, mütərəqqi bir dəyər olur. Bizim xalqımız əsrlərlə Əhli-Beyt əzadarlığını yaşadıb. Bunun nəticəsidir ki, çox öyündüyümüz tolerantlığa sahibik. Əslində bu əzadarlıq xalqa mərhəmət hissi aşılayır. Mərhəmətlə yanaşı şücaət, qəhrəmanlıq hissi aşılanır. Geriləmə o zaman baş verir ki, dinə yalnız ehkamçı düşüncə kimi yanaşırlar. Bütün radikal cərəyanlara fikir versək, bu tip mərasimlərə qarşı qətiyyətli mövqedədirlər və onları inkar edirlər. Bununla rəhimsizlik yaranır və dinə quru, sərt ehkam toplusu kimi yanaşılır. Ancaq İmam Hüseynin şücaəti ilə yanaşı məsələnin mənəvi, mərhəmət tərəfi qeyd olunursa, uşaqların qətli, insanların amansızcasına öldürülməsi şəxsləri qəmləndirirsə, bu, müsbət haldır. Sağlam şəxslərin inkişafının əsas amillərindən biridir ki, o, rasionallıqla emosionallığı uzlaşdıra bilsin. Dinin əsas istiqaməti də budur. Azərbaycanda olan dözümlülüyükdə peyğəmbər Əhli-Beytinə münasibətin az rolu olmayıb. Məzhəb fərqindən asılı olmayaraq bütün insanlar Məhərrəm ayına xüsusi sayğı ilə yanaşıb və xalqımız eyni ayinləri icra edib. Bu ayinlərinə təhqir etmək Azərbaycan xalqının mənəviyyatını, tarixini təhqir etməkdir.

- Cəmiyyət müasirləşdikcə dindəki qaydalar dəyişə bilərmi?

- Əlbəttə ki, cəmiyyət dəyişdikcə dindəki bəzi qaydalar zamana uyğunlaşmalıdır. Ümumiyyətlə, dində bir sabit hökmlər var, bir də zaman keçdikcə dəyişkən, zamanın dəyişikliyinə məruz qalan hökmlər mövcuddur. Dində heç nə dəyişmirsə, o, zamanla ayaqlaşa bilməz. Dinin müəyyən hissəsi hökmən zamanla dəyişməlidir. Ancaq dəyişməyənlər də var. Məsələn, namaz nə qədər zaman keçsə də, elə həmin namazdır. Əlbəttə ki, namazla, orucla bağlı yeni suallar doğur. Din xadimlərinin də vəzifəsi dini zamana uyğun şəkildə tanıtdırmaq, təbliğ etməkdir. Əzadarlıq ayinləri də belədir. Dünən məqbul sayılan, bu gün qeyr-məqbul sayıla bilər. Əzadarlığın formasında illər keçdikcə dəyişiklik ola bilər. Dinimiz hər zaman yalanı pis bir əməl sayır. Həcc ayini, namaz ayini isə zaman keçdikcə dəyişikliyə məruz qalmır. Bir xalq öz yas mərasimini necə keçirirsə, imamlara da əzadarlıq keçirən zaman bu metoddan istifadə edir. Çünki onun üçün matəm bu cürdür. Yəni belə fərqlər var.

Ancaq ifrat hər zaman ifratdır. Bu, yolverilməzdir. Qeyd etmişik ki, məhərrəmlikdə qan çıxarmaq, qurşağa qədər soyunub hər hansı bir hərəkətlər etmək yolverilməz haldır və bundan çəkinmək lazımdır. Ancaq bu o demək deyil ki, biz bütün əzadarlığı inkar edirik. İnsanlar hər hansı bir məqamda ifrata varırsa, onu inkar etməməliyik, sadəcə olaraq, doğru-düzgün tanıtmağa çalışmalıyıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...