Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı
"Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulmuşdur. Bu xoşagəlməz hallara son qoyulmalıdır".
Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
"Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz.
Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər", - dövlət başçısı deyib.
Prezident vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq:
"Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün.
Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində "ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. "ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək.
Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır.
Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər".
811 dəfə oxundu