Bakı meri ola biləsəkmi? - Hələlik kiməsə tam etimad yoxdur...
Məlum olduğu kimi, bu ilin aprel ayından Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı vəzifəsi boşdur. Çünki ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunduğundan, prezidentin digər sərəncamı ilə o, paytaxt meri vəzifəsindən azad olundu. Bu təyinata qədər Bakı şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini elə Hacıbala müəllimin “sağ əli” olmuş, birinci müavini Fidumə Hüseynova icra edirdi.
Xəbər verildiyi kimi, artıq ölkə başçısının sərəncamı ilə icra strukturlarında uzunmüddətli təcrübəsi olan, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin etdi. Eyni zamanda BŞİH-nin rəhbəri vəzifəsi boş olduğundan, E.Əzizov həm də şəhər merinin səlahiyyətlərini icra edəcək.
Söz yox ki, qəfildən Eldar Əzizovun paytaxt merinin birinci müavini təyin edilməsi və ona başçının səlahiyyətlərinin verilməsi, paytaxt meri postuna iddialı olan şəxslər tərəfindən birmənalı qarşılanmadı. Çünki bu şəxslər yaxşı bilirlər ki, Eldar Əzizov təcrübəli, yüksək təşkilatçılıq, idarəetmə bacarığı olan və savadlı kadrdır. O, əvvəllər Nizami rayonunun, daha sonra Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı vəzifəsində çalışıb. Sonuncu vəzifəyə qədər isə Eldar Əzizov Səbail rayonunun icra başçısı postunda çalışıb.
Bu təyinata rəğmən, hakimiyyət daxilində paytaxt meri olmaq uğrunda mübarizə daha da gərginləşıb. Bu da səbəbsiz deyil. Axı, bu posta əsas iddiaçılardan biri, respublikanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, “topdağıtmaz” klana arxalanaraq özünü real namizəd sayan Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev artıq, belə demək olarsa, sıradan çıxarılıb. İcra başçısına edilən sui-qəsddən sonra onun nəinki Bakı meri olmaq arzusu çin olmadı, hətta əməlləri ilə adı və soyadının üstündən qara xətt çəkdi.
Son məlumatlara görə, E.Vəliyevdən sonra bu vəzifəyə iddiaçılardan biri “Ağ şəhər” lahiyəsinin və “Bakondl” şirkətinin baş direktoru Ruslan Sadıxovdur. Xəbər verdyimiz kimi, Ruslan Sadıxov Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Sadıxovun qardaşıdır. Rövşən Sadıxov isə keçmiş nazir Eldar Mahmudovun qudasıdır. 2005-20Q6-cı illərdə İsmayıllı rayonunun icra başçısı vəzifəsində çalışıb.
Ruslan Sadıxovun paytaxt meri postuna iddiaçı olmasında qardaşı Rövşən Sadıxovun və təmsil olunduqları hakimiyyətdaxili qrupun dəstəyinin böyük olduğu söylənilir. Sadıxovlar əslən ermənilərin işğalı altında olan Laçın rayonundandırlar.
Qeyd olunur ki, hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısı postunu tutmağa iddialılardan biri də elə həmin qurumda çalışan, geniş səlahiyyət sahibi olan, çoxşaxəli fəaliyyəti ilə seçilən Nərminə İsaqovadır. Əslən Qubadlı rayonundan olan Nərminə İsaqovanın hakimiyyət dairələrinə daha yaxın olduğu bildirilir.
Xatırladaq ki, şəhər meri postuna iddialı olan Nərminə xanımın qardaşı Mahir İsaqov Qubadlı rayonun icra başçısı vəzifəsində çalışır. Həm də İsaqovların ölkədə güclü bizneslə məşğul olan daha imkanlı şərikləri var...
Məlum məsələdir ki, Azərbaycanda Bakı meri postunun 4 ay boş qalmasının bir çox səbəbləri var. Bizə məlum olan və olmayan səbəbləri haqda danışmazdan öncə bildirək ki, bu barədə rəyini öyrəndiyimiz təcrübəli ekspertlır bir qədər fərqli fikirdədir.
Belə ki, uzun müddət dövlət vəzifələrində işləmiş, hal-hazırda ali pedaqoji fəaliyyətlə məşğul olan Şahin Həsənovun bu barədə fikirləri maraqlı və daha çox aktualdır: “Əlbəttə ki, paytaxt meri postunun 4 ay boş qalması mənim də maraq dairəmdədir. Şübhəsiz ki, bu posta kimisə təyin etməsi ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Lakin uzun müddət şəhər meri vəzifəsinə real namizədin tapılmaması da gülüncdür. Söz yox ki, hal-hazırda həmin vəzlfə çox məsuliyyətlidir və bu posta təyin olunası şəxs isə daha səriştəli, savadlı vəzifə məsulliyyətini önəmli sayan və bu vəzifənin vicdanla öhdəsindən gələn bir məmur olmalıdır.
Aydın məsələdir ki, Azərbaycanda əksər zamanlar belə vəziflər boş qalanda yuxarı dairələrdə coxlu narahatlıqlar yaranır və canlanmalar əmələ gəlir. Müxtəlif klanlar yuxarı dairələrə yol taparaq, belə vəzifələrə özlərinin namizədlərin təqdim edir və onların təynatı üçün dəridən-qabıqdan çıxırlar. Ancaq bir çox dünya ölkələrində mükəmməl, sivil qaydalar mövcuddur. Məlumunuz olsun ki, bir cox xarici ölkələrdə olduğum zaman, şəhər merinin xalq tərəfindən seçildiyinin şahidi oldum. Onların təcrübəsinə görə, xalqın seçdiyi həmin məmur paytaxt sakinləri qarşısında hesabat verir və xalqı fəaliyyət proqramı ilə tanış edir.
Bizdə isə əksinədir. Yəni şəhər meri təyin olunanda xalqın seçimi və yaxud rəyi nəzərə alınmır. İcra başçısı ölkə başçısı tərəfindən təyin olunur. Əlbəttə, uzun müddət boş qalan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutmaq üçün qızğın savaş gedir. Hökümət dairələrində iddiaçıların bu vəzifəyə təyin olunması üçün müxtəlif yollar axtaranlar da olmamış deyil. Qənaətimə görə, ölkə başçısınının bu sahədə böyük təcrübəsi olan Eldar Əzizovun paytaxt merinin birinci müavin təyin etməsi və hələlik şəhər merinin səlahiyyətlərini ona həvalə etməsi heç də təsadüf deyil. Fikrimcə, ola bilər ki, İlham Əliyev bir müddət sonra elə Eldar Əzizovun özünü paytaxtın merini təyin etdi. Çünkü, hələlik prezidentin bu vəzifəni etbar edəcəyi məmur yoxdur, hərənin bir qüsuru var. Unutmayaq ki, Eldar müəllim Elmar Vəliyev, ona oxşar xalqı bezdirən və incidən bir çox icra başçılarından fərqli olaraq, xalqın arasında daha çox sərbəst hərəkət edən, xalqın dərdinə şərik olan və daima dövlətçiliyə qulluq edən məmurdur”.
1256 dəfə oxundu