Avtobusa 20 qəpik verən sərnişinlərə görə mühüm xəbərdarlıq - RƏSMİ
"Sürücülər avtobus marşrutlarında gediş haqqı üçün 30 qəpik əvəzinə 20 qəpik ödəyən sərnişinlərlə mübahisə etməməlidir".
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bəzi sərnişinlərin ictimai nəqliyyatda gediş haqqına görə 30 qəpik ödəməkdən imtina edərək 20 qəpik verməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Tarif (qiymət) Şurası ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyənləşdirdikdən sonra bütün daşıyıcılar BNA-ya çağırılıb.
M. Ağayev hər bir avtobus marşrutu üzrə gediş haqqının maksimum həddi, eyni zamanda ara dayanacaqlarda ödənilməli olan məbləğlə bağlı avtobusda məlumatlar və lövhələrin olmasına dair daşıyıcıların hər birinə göstəriş verildiyini diqqətə çatdırıb.
Şöbə müdiri qeyd edib ki, ilk günlərdə qiymət artımından xəbər olmayan sərnişinlər, şəhərə yeni gəldiyinə və ya ölkədən kənarda olduğuna görə gediş haqqınının artırılmasından məlumatı olmayan insanlar 30 qəpik əvəzinə 20 qəpik versələr də onlarla mübahisə edilməməsi ilə bağlı bütün daşıyıcılara tapşırıq və xüsusi göstəriş verilib: "Mübahisəli hallar olarsa, bəzən bu cür hallardan sui-istifadə istifadə edib müəyyən çağırışlar edərlərsə, sürücülərin həmin sərnişinlərə qarşı maksimum dərəcədə anlayışlı və təmkinli olmaları barədə xüsusi tapşırıqlar verilib. İstənilən halda sürücülər sərnişinlərlə qiymət məsələsində mübahisəyə və xoşagəlməz hallara səbəb olacaq məqamlardan qaçınsınlar, uzaq dursunlar. Bu məsələlərə iki gündür nəzarət edilir".
Qeyd edək ki, Tarif (qiymət) Şuras metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifini 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edib.
908 dəfə oxundu