Soyadları uyğun gəlmədiyi üçün ailəni “Sakit Göl” otelinə buraxmadılar - Azərbaycanda
Redaksiyamıza Azərbaycandakı otellərin biri ilə bağlı şikayətçi zəngi daxil olub.
Sfera.az xəbər verir ki, söhbət Şamaxıda yerləşən "Sakit Göl” otelindən gedir. Şikayət edən şəxsin sözlərinə görə, o, ailəsi və onlarla birgə Şamaxıya səfər edən daha bir ailə bu gün həmin otelin qonağı olublar. Lakin qeydiyyat şöbəsində problemlə üzləşiblər.
Otel əməkdaşları onu və ailəsini qeydiyyata almaqdan imtina edib. Səbəb kimi isə şəxsiyyət vəsiqələrindəki soyadlarının üst-üstə düşməməsi göstərilib. Vəziyyəti isə uşağın olması xilas edib. Uşağın şəxsiyyət vəsiqəsində valideynlərin göstərilməsi vəziyyəti dəyişib. Əks halda isə otel əməkdaşları onları bir otaqda yerləşdirməkdən imtina edəcəyini bildiriblər.
Şikayətçimizin sözlərinə görə, o ailəsi ilə birgə Azərbaycanda və dünya üzrə səyahətlər etdiyini, ancaq onlardan heç yerdə nikah haqda şəhadətnamənin olmasını və ya hansısa bir formada evli olduqlarını sübut etmələrini tələb etməyiblər.
"Sakit Göl” otelinin internet saytına (http://sakitgol.az/ ) daxil olduq, lakin orada oteldəki bu daxili qayda ilə bağlı heç bir məlumatla qarşılaşmadıq. Özündən "qanun" uyduran otel rəhbərliyi heç olmasa müştərilərə bu mövzuda əvvəlcədən xəbərdarlıq edə bilər. Bunun üçün isə saytlarına bu barədə qısa məlumat yerləşdirə bilərdilər.
Qeyd edək ki, dünya praktikasında bu cür tələblər mövcud deyil. Azərbaycanda da qanunvericilikdə bu halı dəstəkləyən heç bir maddə yoxdur. Ancaq bəzi mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamə tələb olunur ki, bu da turizmin inkişafına maneə yaradan amillərdən biridir.
Otelin müştərilərlə bu cür davranması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan müasir dövlət kimi turizm sektorunu inkişaf etdirmək istəyir, lakin bu tip otellər dövlət proqramına, prezidentin apardığı siyasətə zidd qadağalar tətbiq edirlər. Yəqin ki, otel rəhbərliyi qonaqları qeydiyyata alanda prezidentin siyasətini nəzərə almır.
Bundan əlavə qadağa qonaqların rahatçılığına mane olur, onları çətin vəziyyətdə qoyur.
Xatırladaq ki, keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxışlarının birində otellərdə nikah kağızının tələb olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, qanunvericilikdə belə bir şey yoxdur: "Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir. Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa, onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz”.
971 dəfə oxundu