DİN məlum toy barədə çox sərt danışdı - Şənliyi keçirənlər barədə ölçü götürüləcək
Nazirlər Kabinetinin (NK) qərarı ilə ölkəmizdə koronavirus pandemiyası dövründə toy, nişan mərasimlərinin keçirilməsi, eləcə də kütləvi toplaşmaq qadağan edilsə də, son günlər NK-nın bu qərarı kobud şəkildə pozulur. Mətbuatın yaydığı məlumata görə, hətta məmurlar arasında da övladına xeyir iş edənlər az deyil. Bu siyahıya şou-biznes əhli də daxildir. Bu gün isə daha bir müğənni, Nüşabə Musayeva məşhur restoranların birində özünə təmtərtaqlı ad günü şənliyi təşkil edib. Şənliyə müğənninin yaxınları dəvət edilib. Öz instaram hesabında ad gününü əks etdirən şəkil və videolar paylaşan müğənninin fotolarına baxdıqda məlum olur ki, həmin gün istirahət məkanında toy mərasimi də baş tutub. Şəkillərdə arxa fonda rəqs edən gəlinlik libasında olan gəlinin rəqsi buna sübutdur. Bir sözlə yayılan video və şəkillər ölkəmizdə koronavirus pandemiyası dövründə toy, nişan mərasimlərinin keçirilməsi qadağan olsa da, bu qadağalara məhəl qoyulmadığını təsdiqləyir. Sözsüz ki, bu hallar cəmiyyətdə ikrah hissi doğurur. Öz övladının toyunu karantinə görə təxirə salan sadə insanlar haqlı olaraq bu məsələyə irad bildirirlər. Sosial şəbəkə istifadəçiləri paylaşılan görüntülərin şərh bölümündə karantin qaydalarına nəzarətdə sosial bərabərsizliyin olduğunu qeyd edərək , polisin hansısa kənddə kiçik mərasim düzənləyən zaman müdaxilə edərək onları cərimələdiyini, məmurların, müğənnilərin və imkanlı şəxslərin keçirdiyi şənliklərə "gözün üstə qaşın var" deyənin olmadığını yazırlar.
Sputnik Azərbaycan karantin dövründə toy və nişan, eləcə də ad günü mərasimlərinin təşkilinə nəzarət, eləcə də, bunun virusun yayılmasına təsirini araşdırıb.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövrü ilə bağlı verilən qərarların icrasına Operativ Qərərgah nəzarət etmir: "Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə karantin qaydalarının polzulması ilə bağlı sosial şəbəkələrdə yayılan bütün görüntülər araşdırılır. Bu faktlar təsdiqini tapacağı təqdirdə həm restoran sahibi, həmçinin də o şənliyi keçirənlər barədə tədbir görüləcək: "Polis əməkdaşları restoranın içərisinə keçə bilmir. Amma bu faktlar təsdiqini taparsa, mütləq tədbir görüləcək".
Qeyd edək ki, karantin qaydalarının məmurlar və cəmiyyətdə tanınmış şəxslər tərəfindən pozulması ictimaiyyət tərəfindən də birmənalı qarşılanmır. Millət vəkili Fəzail Ağamallı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəxsi həyat və ailə işlərinə müdaxilənin əleyhinə olsa da, karantin qaydalarının pozulmasını düzgün saymır: "Allah ailə quran gənclərimizi xöşbəxt etsin. Bu mənim dəyişilməz yanaşmam, prinsipal mövqeyimdir. Amma karantin qaydalarının pozulması halları varsa, araşdırılma aparılmalıdır. Azərbaycan qanunları, mövqeyindən, sosial durumundan asıl olmayaraq hər kəs üçün keçərlidir. Vəzifəli şəxslər, yaxud da vaxtıilə vəzifədə olan şəxslər hansıki Azərbaycanda kifayət qədər tanınmış insanlardır, onlar qanuna hörmət etmək və riayət etmək nümunəsini daşımalıdırlar, bunu hər kəsə göstərməlidirlər. Onlar bu məsələdə istisna ola bilməz. Əksinə cəmiyyətdə tanınan şəxslər bu məsələdə nümunə olmalı, insanlarda qıcıq yaratmamalı, hər bir vətəndaşla bərabər olmalıdırlar. Mənim bu məsələdə mövqeyim belədir".
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövründə toy və nişan mərasimlərinin, eləcə də təmtəraqlı ad günlərinin keçirilməsi koronavirusa yoluxma sayını artıracaq: "Yoluxma hadisələri arta bilər. Hər şeyi polis gücünə həll etmək olmaz. İnsanlar bu xəstəliyin ağırlığını, ölüm hallarını görüblər. Virusa yoluxma sayı da 500-dən aşağı düşüb. Aşağı düşməkdə də davam edir. Elə etmək lazımdır ki, bu say yenidən artmasın".
C. İsayev deyir ki, toy və nişan mərasimlərinin keçirilməsi insanların virusun varlığına inanmadığının nəticəsi deyil: "Əhalimiz virusa inanırlar. Sadəcə virusa yoluxma sayının azalması insanlarda arxayınlıq yaradıb. Amma insanlar fikirləşməlidir ki kimsə bu virusa yoluxmasın. Biz insanlara ziyan veririksə heç olmasa bura az adam dəvət etmək olar. Biz fikirləşməliyik ki, toya, ad gününə gələn insanlar arasında yanaşı xəstəlikləri olanlar ola bilər. Belə insanlar virusa da yoluxduqda xəstəliyi çox ağır keçirdirlər. Bu hətta ölümə belə gətirib çıxardır. Biz bunu polis gücünə buna nəzarət etməməliyik. İnsanlar özləri virusun olduğunu dərk edib bu cür yığıncaqlardan könüllü çəkinməlidirlər".
Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejimi tətbiq edilir.
1071 dəfə oxundu