“Pulum olmayanda "Qoca"dan istəyirdim” — Fədayə Laçının məhkəməsində məhkum ifadəsi

“Pulum olmayanda "Qoca"dan istəyirdim” —

Bakıda məhbusların qaçmasına köməklik göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam edib.

“Ölkə.Az”ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Biləsuvar rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasının rəisi Elçin Mirzəyev ifadə verib. O qeyd edib ki, təcridxanalarına yalnız Məhəmməd Heydərov etap edilib. Onların cinayət işinə Lənkəran Ağır Cinayət Məhkəməsində baxırdılar. Məhəmmədin üzərinə baxış keçirən zaman gördük ki, bədənində müxtəlif növ xəsarətlər var. Bu barədə qısa bir müddətdə rəhbərliyə məlumat verdik. Daha sonra məlumat daxil oldu ki, həmin dustaqlar Bakıya etap ediləcək".

Məhkəmədə "Qoca" ilə birgə qətldə təqsirləndirilən Məhəmməd Heydərov dindirilib. O bildirib ki, “Qoca” ilə Hacıqabulda qonşu olub:

“Pulum olmayanda "Qoca"dan istəyirdim. Münasibətimiz normal olub. Qaldı ki, bədənimdəki xəsarətləri özüm eləmişdim. Məhkəməyə etiraz olsun deyə, özümə xəsarət yetirdim”.

M.Heydərov qeyd edib ki, qatarda yol gedən zaman E.Məmmədovla Əli Ağaminin dəhlizdə söhbət etdiyini görməyib:
"Məhbusların qaçdığı gün də eyni qatarda gəlmişik. Lakin onların qaçdığını görməmişəm. Ümumiyyətlə bizdə nəzarət güclü idi. Belə hal baş verməyib. E.Məmmədov və Ə.Ağami ilə birgə kamerada söhbət etdikdən sonra yatmağa getmişəm”.

Məhəmməd Heydərov istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib.

Məlum olub ki, o, qətldə təqsirlədirilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il azadlıqdan məhrum edilib.

Şahid Samir Xəlilov deyib ki, E.Məmmədovla etap edilən zaman onunla bir kamerada qalıb: "Bir yerdə yemək yemişik. İstintaqda verilən suallara cavab vermişəm".

Proses sentyabrın 24-də davam edəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...