"Rabitə işi"nin davamı - 168 min ödəyən rəisin 300 minlik villasına həbs qoyulub - TƏFƏRRÜAT

"Rabitə işi"nin davamı - 168 min ödəyən rəisin 300 minlik villasına həbs qoyulub -

Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Şahin Tağıyev mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Şahin Tağıyev sərbəst ifadə verib.

Rəhbəri olduğu qovşaqda görülən işlərin şişirdilməsibdə və əldə edilən məbləğin mənimsənilməsində ittiham edilən Ş.Tağıyev etirafedici ifadə verib.

O deyib ki, məbləğlərin şişirdilməsi halları olub. Lakin oi, bunu podratçı şirkətin etdiyini bildirib: "Mənim marağım sadəcə bu işin görülməsi olub. Podratçı şirkətlə razılığı mən imzalasam da, pulu mən ödəməmişəm. Heç bir məbləğ də almamışam. Mən özümə haqq qazandırmıram. Amma qalan puldan özüm üçün heç kəsdən heç nə almamışam".

Verilən sualları cavablandıran Ş.Tağıyev podratçı şirkətə ayrılan pulu bankdan çıxardıqdan sonra “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oktay Rüstəmova verib.

Xatırladaq ki, Oqtay Rüstəmov "Rabitə işi"ndə həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa çıxmışdı.

Ş.Tağıyev həbsdə olan ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovla əlaqəsinin olmadığını deyib: "Mən onu sadəcə aparat rəhbəri kimi tanımışam və başqa heç bir əlaqəm olmayıb".

Məhkəmədə o da məlum olub ki, Ş.Tağıyevin 300 min manat məbləğində dəyərləndirilən Qəbələdəki ikimərtəbəli evinə məhkəmə qərarı ilə həbs qoyulub.

İttiham aktında yazılır ki, Qəbələdə görüləcək rabitə işlərinə nazirlik tərəfindən ayrılan pulun 90 faiz Oqtay Rüstəmova verilib. Həmin məbləğin 1 faizi bank əməliyyatlarına ayrılıb.

Ş.Tağıyevin dediyindən məlum olub ki, qalan 9 faiz məbləğlə isə Qəbələ rayonu ərazisində rabitə işləri görülüb.

Amma istintaq belə qənaətə gəlib ki, Ş.Tağıyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əmlakını mənimsəyiblər.

Ş.Tağıyev ümumi mənimsənilən 1 milyondan artıq məbləğin 10 faizini şəxsən mənimsəməkdə günahlandırılır. İstintaqla müəyyən edilib ki, Ş.Tağıyev rəisi olduğu qovşaqda işlərin görülməsi üçün ayrılan vəsaitdən 168 min manatını mənimsəyib.

Ş.Tağıyev verilən ittihamla özünü təqsirli bilməyib, deyib ki, istintaqın müəyyən etdiyi 168 min manat məbləği özü götürməsə də, ödəyib

Qeyd edək ki, Ş.Tağıyev həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmənin növbəti iclası okyabrın 10-na təyin edilib.

Xatlrladaq ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1187 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...