Azərbaycanda 4 gəlin evdən qaçdı – Səbəblər açıqlandı
Son vaxtlar mətbuatda gəlinlərin itkin düşməsi ilə bağlı xəbərlərin ardı-arası kəsilmir. Təkcə oktyabr ayında mətbuatda 4 gəlinin itkin düşməsi ilə bağlı informasiya dərc olunub. İtkin düşən şəxslərdən 3-nün 18 yaşı var.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu problemlər əsasən erkən nikahdan qaynaqlanır.
“Ümid edək ki, valideynlər qız övladlarını bu olaylardan sonra erkən nikaha məcbur etməzlər. Bu bir görk olar ki, məcburi ərə verilən qızlar sonra kiminsə təsiri altına düşüb, ailəsini dağıda bilər. Yetkin olmayan şəxsin erkən ailə həyatı qurması belə faciələrə gətirib çıxarır. Bu hadisələr erkən nikahın fəsadlarının ən bariz nümunəsidir. Bundan başqa, erkən nikaha girən şəxslərdə məsuliyyət hissi olmur. Yəni o, hələ ailə münasibətlərini dərk etmir, formalaşmayıb və ailə dəyərləri barədə təsəvvürü yoxdur. Ona görə məsuliyyətsiz addım ataraq, asanlıqla ailələrini dağıdırlar, başqaları ilə münasibət qururlar”.
Mehriban Zeynalova gəlinlərin evdən qaçmasının bir çox səbəbi olduğunu bildirərək, onları buna vadar edənlərin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb:
“Bəzi hallarda zorakılıq, qeyri-insani münasibətlər də gəlinləri evdən çıxıb getməyə vadar edə bilər. Ola bilsin ki, gənc xanım anlamır, dərk etmir. Bəs qarşısındakı? İndi hamı qaçan gəlinləri qınayır, amma bir nəfər o kişini qınamır ki, başqasının ailə münasibətlərinə müdaxilə edirsən. Biz niyə o kişilərdən məsuliyyət tələb etmirik? Niyə ailə dağıtmağına görə kimsə məsuliyyətə cəlb olunmur?
Düzdür, bəzi hallarda deyirlər ki, şəxs yetkin yaşa çatıb, məsuliyyəti özü anlayır və kiminlə istəyir, yaşaya bilər. Bu prosesdə iştirakçı tərəf, onu bu işi görməyə cəlb edənlər məsuliyyətsiz qaldıqca, belə faciələr arta bilər. Onları kimsə qınamır, cəza tədbiri düşünmür, belə olanda insanlar özləri cəza tədbirlərinə əl atırlar, bu da vandalizmdir”.
Psixoloq Aygün Cəfərova isə bildirir ki, bu kimi problemlər valideynlərin övladlarını yanlış yönləndirməsindən qaynaqlanır:
“Gənclərimiz ailə qurmazdan əvvəl atdıqları addımı dərk etməlidirlər. Onlar öncə ailənin nə olduğunu, bir-birilərindən nə istədiklərini bilməli, maraq dairələri üst-üstə düşməli, bir prizmadan baxmalı, məsuliyyətlərini dərk etməlidirlər. Bu kimi xüsusiyyətlərin yetişməkdə olan gənclərə aşılanmasında valideynlərin rolu böyükdür. Amma çox təəssüf ki, cəmiyyətimizdəki valideynlərin əksəriyyəti yetişdirdikləri övladlarını səhv yönləndirirlər və nəticə olaraq da onlar səhv seçimlər edirlər. İkinci bir tərəfdən, erkən qurulmuş ailələr, ailələrdəki münaqişələr, ətraf müdaxilələr, zorakıllıqlar, məişət problemləri və şəxsiyyətlərindəki psixoloji pozuntular onların xəyanətinə şərait yaradır. Bu kimi problemlərin qarşısını almaq üçün yetişməkdə olan gənclərimiz yaxşı olardı ki, öncə özlərini tanısınlar, həyatdan nə istədiklərini dərk etsinlər, sonra ailə qurmaq haqqında qərar versinlər”.
716 dəfə oxundu