"Üstümə tapança ilə gəlmişdi" - Elmira Axundovanın oğluna qarşı dələduzluq edən şəxs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müjgan Mehdiyev ifadə verib.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş Ramil Bəkirov məhkəməyə disk təqdim edib. Həmin diskdə onunla M.Mehdiyeva arasında səs yazısı qeyd olunub.
M.Mehdiyeva diskdə onun səsinin olduğunu təsdiqləyib: "Hənim söhbətdən sonra Ramil Bəkirovun pulları özünə geri qaytarılıb".
Məhkəmədə həmin səs yazısı dilnənilib.
Zərərçəkmiş söyləyib ki, 250 min manat pulunu M.Mehdiyeva ilə birgə onun qardaşı Murad Mehidyevə verib.
Müjgan Mehdiyeva isə vurğulayıb ki, Ramin onun qardaşına pul verib, lakin məbləği yadında deyil: "Bu barədə Muradın özündən soruşun".
Zərərçəkmiş bildirib ki, ona 250 min manatdan yalnız 40 min manat geri qaytarılıb.
Təqsirləndirilən E.İbrahimovun sözlərinə görə, bacı-qardaşlar ona pul verən zaman həmin şəxslərin adlarını deyib: "Həmin şəxslərə də pullar artıqlaması ilə geri qaytarılıb. Ramil həmin vaxt üstümə tapança ilə gəlmişdi. Ramillə Zaur Səfrəovun ümumilikdə 150 min manat pullarını Muradın vasitəsi ilə almışam. Pulları da geri özlərinə qaytarmışam".
R.Bəkirov isə E.İbrahimovun yalan danışdığını, belə bir hadisənin baş vermədiyini ifadə edib.
Digər zərərçəkmiş Zaur Səfərov da təqsirləndirilən şəxsin yalan danışdığını, ona verdiyi puldan geri qaytarılmadığını deyib.
Zərərçəkmiş Fərman Məmmədovun vəkili Fuad Ağayev deyib ki, şahid M.Mehdiyeva istintaqa verdiyi ifadəsində E.İbrahimov özünü "Palmali" şirkətinin əməkdaşı kimi təqdim etdiyini söyləyib.
M.Mehdiyeva da istintaqa dediklərini təsdiqləyib: "Mən nə bilim? Elnur özünü elə təqdim edirdi. O, aldığı pulları geri qaytaranda mənə məlumat verirdi".
Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Ziya Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon 18 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.
Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.
Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.
Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.
823 dəfə oxundu