İsmayıllının sabiq prokuroru və köməkçisinə hökm oxundu: RÜTBƏSİ ALINDI
İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və böyük köməkçisi Faiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Open.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə Ü. Abbasov 9, Faiq Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin, məhkəmənin hökmü ilə Faiq Quliyev xüsusi rütbəsindən məhrum edilib. Onların hər ikisi 1 il 6 ay müddətinə maddi vəzifə tutmaq hüququndan da məhrum ediliblər.
Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma zamanı Faiq Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən Azad Əliyevdən almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı, həmçinin Faiq Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.
Faiq Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.
İş üzrə Faiq Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən olunub.
Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.
Ülvi Abbasovun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.
1153 dəfə oxundu