"Onu hacı kimi tanıyırdıq" - həbsdə olan generalın bacanağının cinayət işi

"Onu hacı kimi tanıyırdıq" -

Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun qohumu hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, generalın bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilir.

Bu gün keçirilən prosesdə şahid qismində Xəqani Əhmədov ifadə verib. Əhmədov bu işdə zərərçəkmiş qismində tanınan Amid Hüseynovun qonşusudur. Şahid deyib ki, təqsirləndirilən Müsənnif Talıbov Amid Hüseynovun torpağının sənədlərini düzələcəkmiş. "Müsənnif Talıbovu Hacı kimi tanıyırdıq. Həm də özünü yüksək vəzifəli məmur kimi də təqdim edirdi. Sənədləri hazırlayacağını dedi. Sonra maşında Amid ona 5 min dollar pul verdi. Amidin ona daha əvvəl də 5 min dollar pul verdiyini eşitmişdim" - deyən şahidin sözünü Müsənnif Talıbov kəsib.

Deyib ki, şahid yalan danışır. Amid Hüseynov ona bir dəfə 6 min dollar pul verib: "Pulun verilmə söhbəti də mənim evimin həyətində olub. Həmin puldan da 500 dolları Amidin özünə qaytarmışam". Məhkəmədə Amid Hüseynovun atası, hazırda həbsdə olan Qulu Hüseynov da dindirilib. Qulu Hüseynov 2012-ci ildə yol-nəqliyyatı hadisəsi törətməkdə təqsilri bilinib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum olunub. Qulu Hüseynov söyləyib ki, oğlu Amid Hüseynov Müsənnif Talıbova 10 min dollar verib.

Özü isə Müsənnif Talıbova əvvəl 7500 dollar, daha sonra isə 2500 dollar pul verdiyini deyib: "Müsənnif Talıbovla əvvəl qohum olacaqdıq. Amma alınmadı. O, bizə torpağa sənəd düzəldəcəyi demişdi. Biz də razılaşdıq. Bir neçə dəfə Nərimanov rayonuna onun yanına getdim. Dedi ki, sənədlər hazır olur, az qalıb. Sonra isə sənədləri düzəltmədi".

Təqsirləndirilən Müsənnif Talıbov isə qeyd edib ki, Qulu Hüseynov həbsdə olan zaman 50 dəfə onun yanına gedib: "Onun yanına heç kəs getmirdi. Ailəsi Türkiyəyə köçmüşdü. Tək mən gedirdim. Cibimin pullarını ona xərclədim. Yanına gələn öz qohumunu qovmuşdu".

Qulu Hüseynov buna etiraz edib. Deyib ki, həbsdə olan zaman Müsənnif Talıbov onun yanına gələrkən həyat yoldaşının pensiya kartında olan pulları xərcləyib.

O, deyib ki, həbsdə olarkən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri, hazırda həbsdə olan Elçin Qurbanov da onun yanına gəlib, onu azadlığa buraxdıracağı vədini verib: "Elçin Müsənnif Talıbovun qaynıdır. Yanıma gəldi ki, oğlunun dostuyam sənə kömək edəcəm. Mən də sevindim. Sonra cibindən çıxardım 50 manat da pul verdi. Lakin sonradan vədinə əməl etmədi".

Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib. Bildirək ki, sərbəst ifadəsində Müsənnif Talıbov heç kimdən pul almadığını, ittihamda yazılanlarla razı olmadığını söyləyib.

Zərərçəkmiş Amid adlı şəxsin torpaq sahəsinin sənədlərində problem olub. Bunu qaydasına qoymaq üçün ona 6 min manat pul verib: "Sonra Amid Türkiyəyə gedəndə gəlib məndən 500 manat pulunu aldı, 5500 manat isə məndə qaldı. İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, mənə atasına yardım etməyimi istədim. Onum xəstəxana xərclərinə Amidin məndə olan 5500 manatından da artıq pul xərclədim".

Məlumata görə, o, qonşusuna qarşı dələduzluq edib. Belə ki, Talıbov qonşusuna həbsdə olan atasını azad edəcəyini deyib. Daha sonra isə onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədini verib. İttihama görə, M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb. Səhhətində problem olan M.Talıbovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.

Xatırladaq ki, general Sübahir Qurbanov "MTN işi" çərçivəsində həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...