Həbs edilən icra başçılarının siyasi məhbus adlandırılması mümkünsüzdür
Dekabrın 18-də Ağstafanın eks icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov, Yevlağın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarov barəsində məhkəmə qərar verib. İstintaqın təqdimatı ilə Səbayel Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Yada salaq ki, Nizaməddin Quliyev aprelin 5-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Son zamanlar belə bir halın şahidi oluruq ki, hansısa iqtidar məmuru bu və ya digər səbəblərdən həbs edildikdən sonra bəzi hüquq müdafiəçiləri, müxalifət dairələri hansısa maraqlar naminə onu siyasi məhbus elan edib, hüquqlarının müdafiəsinə qalxırlar. Bu icra başçıları ilə bağlı eyni hal yaşana bilərmi?
“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, icra başçısını irəli sürülən maddələrlə 13-14 ilə qədər iş gözləyir:
“Ola bilər ki, istintaq dövründə digər məsələlərlə də ortaya çıxsın və maddələrin sayı dəyişsin. Yəqin ki, orada mütəşəkkil dəstə tərəfindən mənimsəmə qeydə alınacaq. Çünki tək adam bunu edə bilməz. Külli miqdarda ola bilər ki, olsun. 179-cu maddənin bir neçə bəndi ola bilər. Yəni bu maddələrlə hesab edirəm ki, 8-13,14 il arası iş veriləcək. Əlbəttə ki, buna istintaq qərar verəcək. Ancaq artıq maddələri də elan ediblər. Məhkəmənin hökmü hər şeyi aydın edəcək. Biz isə sadəcə olaraq, ehtimalları dilə gətiririk ki, bu maddələrlə təqsirli bilinsə və məhkum olunsa o zaman 8-14 il arası iş veriləcək”.
Ə. Mustafayev bildirib ki, bu adamları siyasi məhbus saymaq olmaz:
“Tez-tez bildirilir ki, bəzi məmurları sonradan siyasi məhbus elan edib, hüquqlarını müdafiə edirlər. Ancaq heç kim də buna aid misal demir. Hesab etmirəm ki, bu işdə kimlərisə siyasi məhbus kimi qəbul edərlər. Çünki əməl göz qabağındadır və faktlar da məlumdur. Hər kəs də bilir ki, istənilən rayonda bu kimi əməllərə rast gəlmək mümkündür. Vətəndaş, şəhər sakini olaraq bilirik ki, bu cür faktlar çox təəssüf ki, geniş yayılıb. Ona görə də burada siyasi motiv axtarmaq düzgün olmaz. Burada ancaq kriminaldan söhbət gedir”.
595 dəfə oxundu