Azərbaycan “Tech Diaspora”sı yaradılır
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır.
Bu barədə “Report”a agentlikdən məlumat verilib.
Əsas hədəflər Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.
Bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 21 nəfərlik təşəbbüs qrupu yaradılmışdır (Təşəbbüs qrupunun üzvləri mətnin sonunda göstərilib). Yaradılmış təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.
“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.
Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədi ilə fəaliyyətə başlayacaq “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək.
“Tech Diaspora”nın təşkil edilməsi, həmçinin yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində önəmli addım olacaq. Prosesin həyata keçirilməsi ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixrac etmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.
Diasporaların fəaliyyəti, eləcə də innovativ texnoloji sahədə olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.
“Tech Diaspora”nın yaradılmasının təşəbbüs qrupunun üzvləri:
Qərib Mehdiyev - WeTravel, həmtəsisçi (SF)
Fuad Məlikov - Hazelcast, həmtəsisçi (SF)
Emin Şərifov - Expedia Qrup (SF)
Tural Bədirxanlı - Namomedia, Twitter (SF)
Teymur Sadıxov - Silicon Valley Technology Consulting Group (SF)
Altay Əliyev - Amazon, baş proqram mühəndisi (LX)
Vüsal Dadaşov - Uber, baş proqram mühəndisi (LX)
Aslan Bəkirov - Facebook, istehsal mühəndisi
Şəfi Rəsulov - Google, proqram mühəndisi
Rüstəm Əliyev - OneDome, həmtəsisçi (UK)
Nail Vəliyev - Sport total (GE)
Anar Hacıyev - NMS, həmtəsisçi (NY)
Şəhriyar Məmmədov - OpenGov Inc., DevOps
Araz Cavadov - Walmart eCommerce, məhsul meneceri
Aytəkin Əliyeva - Femigrants platforması qurucusu (SF)
Elşad Abbasov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)
Anar Əligulov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)
Məmməd Kərimov - “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru (AZ)
Tağı Tağızadə - “İnnovasiyalar Mərkəzi”nin direktoru (AZ)
Fərid Musayev - Khazar Ventures (AZ)
Samir Məmmədov - “Sand Hill Angels” qrupunun üzvü, “Global Innovation Catalyst”ın tərəfdaşı, “Tech Academy”nin həmtəsisçisi (AZ)
587 dəfə oxundu