Karantində qanunsuz sərnişindaşıma ilə məşğul olanlar saxlanıldı

Karantində qanunsuz sərnişindaşıma ilə məşğul olanlar saxlanıldı

Bakı şəhərindən Gəncə və Şəki şəhərlərinə qanunsuz sərnişin daşınaraq ölkə ərazindəki karantin qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı Eldəniz Daşdəmirov və Hafiz İsgəndərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq istifadələrində olan avtomobillərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Gəncə və Şəki şəhərlərinə apararaq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Daşdəmirov və H.İsgəndərovun üzərlərindən nömrələnmiş pul əskinazları aşkar edilərək götürülüb, onların hər ikisi törətmiş olduqları qanunsuz əməlləri etiraf edib və bu audio-video çəkilişlərlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma davam etdirilməklə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Binəqədi və Qaradağ rayon məhkəmələrinə göndərilib.

Məhkəmələrin müvafiq qərarlarına əsasən E.Daşdəmirov və H.İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq barələrində 20 gün müddətinə inzibati həbs seçilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu vətəndaşlara müraciət edərək xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına, o cümlədən hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamağa çağırır.

Bildirmək istəyirik ki, xüsusi karantin rejiminin tələblərinə əməl etməyərək qanun pozuntularına yol vermis şəxslərin daha ciddi məsuliyyət tədbirlərinə cəlb edilmələri təmin olunacaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...