“Bu il ölkədə ağır cinayətlər törədən 103 kriminal qrup zərərsizləşdirilib" - Nazir müavini
Bu il Azərbaycanda 13.310 cinayətin qeydə alınıb.
APA-nın məlumatına görə, bu barədə Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclasında bildirib.
O qeyd edib ki, bu cinayətlərin 94,7 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla onların 87,2 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
Məruzəçi qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir çox cinayətlərin sayında azalma qeydə alınıb. Belə ki, qəsdən adam öldürmələr 6, adam öldürməyə cəhdlər 16,3, qəsdən sağlamlığa az ağır zərər vurmalar 4,2, mülkiyyət əleyhinə olan cinayətlər 4,8, xuliqanlıqlar 27, yetkinlik yaşına çatmayanların cinayətləri 19,6, ailə münaqişəsi zəminində hüquqpozmalar 6,2, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 33,3, ictimai yerlərdə törədilən cinayətlər 21,5, yol-nəqliyyat hadisələri 7,5, qəzalarda ölənlərin sayı 5, xəsarət alanların sayı 6 faiz azalıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması, axtarışda olan 1821 şəxsin tutulması da məhz hesabat dövründə təmin edilib.
Polis general-leytenantı S.Əzimov mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 438, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 86 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox və ya 1 ton 67 kiloqram narkotik vasitə çıxarıldığını, 91 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini Kollegiya iştirakçılarının nəzərinə çatdırıb.
582 dəfə oxundu