Dövlət Komitəsi saxta məktəbli formaları ilə bağlı araşdırmalar aparır
“Saxta məktəbli formaları istehsal edən müəssisələrin yerinin müəyyən olunması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti əməkdaşları araşdırmalar aparır”.
Bunu APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib. O, bildirib ki, yaxın günlərdə “Bakı Tikiş Evi”nin əmtəə nişanından qeyri-qanuni şəkildə istifadə edərək məktəbli forması istehsal edən müəssisələrin aşkar edilməsi bağlı məlumat geniş ictimaiyyətə açıqlanacaq. Komitə rəsmisinin sözlərinə görə, saxta məktəbli formaları əsasən Qaradağ rayonunda yerləşən iri ticarət məntəqələrində və paytaxtın müxtəlif yerlərində satılır: “Amma biz saxta məktəbli formasının satış yerindən daha çox onu istehsal edən müəssisələrin mənbəyini araşdırırıq”.
F. Talıblı qeyd edib ki, hazırda “Bakı Tikiş Evi”nin fəaliyyəti qanunvericiliyə uyğun olaraq tənzimlənir: “Uyğunluq sertifikatlarının dövlət reyestrindən əldə etdiyimiz məlumata görə, “Bakı Tikiş Evi”nin məhsullarının keyfiyyəti və təhlükəsizliyi sertifikatlaşdırılıb. Qeyd edim ki, sertifikatı biz vermirik”.
1192 dəfə oxundu