Seedstars World müsabiqəsində Azərbaycanı təmsil edəcək startap bəlli oldu
Ötən həftə Bakıda Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə azərbaycanlı startaplar arasında keçirilən Seedstars World müsabiqəsində Azərbaycanı təmsil edəcək Startapın adı bəlli olub. Bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını Piriyev Aero adlı Startap qazanıb. 12 yerli startap arasında qalib seçilən Piriyev Aero 2016-ci ilin fevral ayında İsveçrədə keçiriləcək Seedstars World müsabiqəsinə qatılacaq. Qalib müsabiqəyə Dronee layihəsi ilə qatılıb.Bu layihə özündə hardware platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur.
Developerlər drona uyğun hardware (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər. Müsabiqədə ikinci yerə xatırlama xüsusiyyəti ilə tapşırıq göndərən Flapus mobil əlavəsi, 3-cü yerə isə bulud texnologiyaları üzərində qurulmuş multi-platformalı data sinxronizasiyası xidməti Bethclip layiq görülüb. Azercell ilə yanaşı PASHA Bank-ın təşkilatçılığı və dəstəyi, ADA Universitetinin, Khazar Ventures, Barama və Uber şirkətlərinin dəstəyi ilə baş tutan bu müsabiqə inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal bir layihədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.
Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.
Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır. Qeyd edək ki, fəaliyyət göstərdiyi müddət ərzində Barama Mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub, gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları təşkil edilib.
1429 dəfə oxundu