Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti (NK) qərar verib.
NK həm də “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib.
Nizamnaməyə əsasən, Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Mərkəz dövlət dilinin tətbiqinə kompleks nəzarət həyata keçirir, televiziya və radioda yayımlanan verilişlərdə, çap və elektron kütləvi informasiya vasitələrində, reklam, elan və afişalarda, küçə adlarında ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilinin aparılması, ədəbi dil normalarının pozuntularının aradan qaldırılması üsullarının müəyyənləşdirilməsi, reklamlarda, müxtəlif xidmət sahələrində, çap və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik, leksik-semantik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün zəruri tədbirlərin müəyyənləşdirilməsi və aidiyyəti üzrə təkliflərin verilməsini həyata keçirir.
Mərkəz reklam, afişa və elanlarda, küçə adlarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün tədbirlər görür.
Mərkəz bununla yanaşı, ədəbi dil normalarını daha çox pozan redaksiyaların və onların əməkdaşlarının məsuliyyətinin artırılması istiqamətində maarifləndirici tədbirlər təşkil etmək, mətbu orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üsullarını müəyyənləşdirir, reklam, elan və afişalarda aparılan monitorinqlərin effektli olması üçün dövlət və bələdiyyə orqanları, idarə, təşkilat və müəssisələrlə birgə layihələr həyata keçirir, ədəbi dil normalarının pozuntularının statistikasını aparır, bu pozuntularla bağlı müvafiq dövlət qurumlarına tövsiyələr verir.
Mərkəzi Müşahidə Şurası və direktor idarə edir. Müşahidə Şurası Baş Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şuranın sədrindən və müvafiq ictimai, elmi və tədris qurumlarının nümayəndələrindən ibarət digər 4 üzvdən ibarətdir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
732 dəfə oxundu