Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür

Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür

Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.
“Report” xəbər verir ki, Aida İmanquliyevanın anadan olmasından 80 il ötür.
Aida xanım 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil alıb. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib. Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışıb.

A.İmanquliyevanın “Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında (1964, N 12) dərc olunub. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı almanax”da (Moskva, 1979, VU buraxılış) çap etdirib. A.İmanquliyevanın müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunub.
A.İmanquliyeva həmçinin, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olub (1971-1973-1979-1981). “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında” (1970), “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi” (1977), “Sovet Azərbaycanı və xarici Şərq” (1980), “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi” (1982), “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri” (1985), “Şərq filologiyası məsələləri” (1986-1987), “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə” (1987), “Xarici Şərqin problemləri: tarix və müasirlik” (1988), “Şərq ədəbiyyatında ənənə və novatorluq” (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olub. İctimai işlərdə fəal çalışıb.
Professor Aida İmanquliyevanın anadan olmasından 80 il ötür

Aida İmanquluyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub (1983-cü ildən). O, Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
A.İmanquliyeva 1992-ci il sentyabrın 19-da Bakıda vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...