Faiq Qarayev: "Lazım olarsa, məşqçiliyə davam edəcəyəm"
"Öncə ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm ki, mənə belə bir yüksək orden verib. Çünki bundan öncə də mənim ordenlərim olub, amma 60 illiyimdə belə orden almaq mənim üçün şərəflidir. Cənab prezident tək mənə yox, idman sahəsində əməyi olan hər kəsə qayğı göstərir".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
60 yaşlı mütəxəssis bu ordenin volebol ailəsinin uğuru olduğunu sözlərinə əlavə edib. F.Qarayev ötən illər ərzində müxtəlif yarışla uğurlar qazandıqlarını bildirib: "Prezident də bizim əməyimizi yüksək qiymətləndirib. Bunun üçün dövlət başçısına çox təşəkkür edirəm. Bundan sonra işimizi elə qurmalıyıq ki, voleybol sahəsində uğurlarımız daha çox olsun. Hazırda bəzi oyunçular bir az yaşlanıblar. Ona görə gənclərə şans veririk. Azərbaycan çempionatında onlar iştirak edirlər. O biri oyunçular isə xaricdə çıxış edir. Qarşıda çox böyük yarışlar var. Voleybol idman növünü çox sevirlər. Yetəri qədər azarkeş kütləsi var. Çalışacağıq ki, indən sonra da Azərbaycanda yaxşı voleybolçular olsun və gəncləri yetişdirə bilək.
Vitse-prezident qadınlardan ibarət Azərbaycan millisindəki baş məşqçi məsələsinin bir həftə ərzində həll olunacağını diqqətə çatdırıb: "Cavid müəllimlə planlaşdıracağıq ki, fikirlərimizi hansı məşqçiyə yönəldək. Mən hələ ki, məşqçi karyeramı başa vurmamışam. Səhhətimlə bağlı problemlər var idi. Çox ciddi müalicə alırdım. Hazırda özümü yaxşı hiss edirəm. Lazım olarsa, mən məşqçiliyimə davam edəcəyəm. Bunu da bildirmək istəyirəm ki, mən gənc komandanı yığıb gələn həftədən işləməyə başlayacağam. Məşqçilərə kömək edəcəyəm. Məşqçilik karyeram hələ davam edir".
633 dəfə oxundu