Bayram Nurlunun namizədliyini vermək istədiyi seçki dairəsindəki məntəqələrdə qohumluq şəbəkəsi - SİYAHI

Bayram Nurlunun namizədliyini vermək istədiyi seçki dairəsindəki məntəqələrdə qohumluq şəbəkəsi -

Ötən gün 112 saylı Qax seçki dairəsində qeydə alınan “ailəvi bələdiyyələr” barədə dərc etdiyimiz “Qaxda ailə bələdiyyələri: oğul atasının, kürəkən qaynatasının sədr olduğu məntəqədən bələdiyyəyə namizəddir” yazısından sonra redaksiyamıza daha maraqlı məlumatlar daxil olub.

Oxucularımızın verdiyi məlumata görə, ailəvi bələdiyyələr təkcə həmin məntəqədə deyil, dairə ərazisindəki digər məntəqələrdə də mövcuddur. Belə ki, 112 saylı Qax seçki dairəsinin 58 saylı seçki məntəqəsinin üzvü Sayadova Sayalı Hacıqurban qızı 23 saylı məntəqəsinin sədri Qurbanov Hacıqurban Qasım oğlunun doğma qızıdır və Sayalı Sayadovanın qardaşı, yəni Hacıqurban Qurbanovun oğlu Qurbanov Sərxan Hacıqurban oğlu Qum bələdiyyəsinə üzvdür və eyni məntəqədələrdə səs toplamağa çalışacaq. Sərxan Qurbanov üçün səs toplamaq çox asan olacaq, çünki bacısı Sayalı Sayadova 58 saylı məntəqədə, atası Hacıqurban Qurbanov isə 23 saylı məntəqədə “vəziyyətə nəzarət” edəcəklər.

112 saylı Qax seçki dairəsinin 58 saylı seçki məntəqəsinin digər üzvü Ramazanov Elbrus Şakir oğlunun qardaşı Ramazanov Elyar Şakir oğlu və bibisi oğlu Əzizli Fəxri Yaşar oğlu da həmin məntəqədən namizəddirlər. Digər məlumat isə ondan ibarətdir ki, Elbrus və Elyar Ramazanovların doğma atası Ramazanov Şakir Qum kənd ərazi icra nümayəndəsinin müavinidir. Yəni, bütün inzibati resursları əllərində cəmləyən Ramazanovlar ailəsi 23 Dekabr seçkilərində “inamlı qələbə” qazanacaqlar.

112 saylı Qax seçki dairəsinin 23 saylı seçki məntəqəsinin katibi Ramazanov Maxtım Qonca qızı ilə bir evdə yaşadığı qardaşı oğlu Ramazanov Kənan Oruc oğlu da həmin məntəqədən bələdiyyəyə namizəddir. Eyni zamanda Ramazanov Maxtım Qum Ərazi İcra nümayənliyində mühasib işləyir.

112 saylı Qax seçki dairəsinin 24 saylı seçki məntəqəsinin sədri Əliyev Vahid Nəzir oğlunun doğmaca qızı İsayeva Aytən Vahid qızı və kürəkəni İsayev Rəşad İsa oğlu namizəddir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 22 Maddəsinin 1-ci bəndinə əsasən, seçkilərdə namizədliyi qeydə alınmış şəxslərin yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Ətraflı olaraq, buradan oxuya bilərsiniz.

Çox güman ki, 112 saylı Qax seçki dairəsinin sədri, hörmətli Əliyev Abdukərim Rəsul oğlu qanunun bu tələbini bilməmiş deyil.

Yazıda sadalanan faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(Qax.org.az)

Demokrat.az xatırladır ki, tanınmış ekstrasens Bayram Nurlunun da 112 saylı Qax Seçki Dairəsindən namizədliyini irəli sürəcəyi barədə xəbər yayılıb. Sözügedən məlumatı Bayram Nurlu indiyədək nə təkzib, nə də təsdiq etməyib.
Demokrat.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...