Türkiyəyə gedən azərbaycanlıların sayı 70 faiz artıb - Müşavir
Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə bu ölkənin məşhur otelləri ilə əməkdaşlığın inkişafı və şəhər turizminin tanıdılmasına dair işçi görüş keçirilib. Tədbirdə iki ölkənin otellərinin təmsilçiləri iştirak ediblər.
Səfirliyin müşaviri İrfan Cifçi Azvision.az -a bildirib ki, görüş Türkiyə Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutub.
Onun sözlərinə görə, Bakıya Türkiyədən 100-ə yaxın tanınmış otelin nümayəndələri gəlib: "Məqsədimiz otelləri Azərbaycanın turizm agentliklərinə tanıtmaqdır. Onların bir-birilərini daha yaxşı tanıması turizm əlaqələrinin inkişafına təkan verəcək".
İ.Ciftci əlavə edib ki, tətil turlarında Antaliya, Alaniya və digər məşhur tətil istiqamətləri təqdim olunmur. Əsasən İstanbul, Kayseri, İzmir və digər bölgələrdəki otellərin nümayəndələri görüşdə təmsil olunublar. Bu, daha çox şəhər turizminin inkişafına yönəlib.
Müşavir qeyd edib ki, turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı səylər göstərilir: "İl ərzində Azərbaycandan Türkiyəyə 2 milyona yaxın turist gəlirsə, biz istəyirik ki, daha çox olsun. Əvvəl Türkiyəyə gedənlərin sayı daha az idi, son 2-3 il ərzində 60-70 faiz artım olub. Ümid edirik ki, gələn il bu sahədə artıma nail olunacaq".
694 dəfə oxundu