Vladimir Doroxin: “Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı ilbəil artır”
“Bu il 201 azərbaycanlı tələbə Rusiyanın dövlət təqaüdü proqramı çərçivəsində bu ölkədə təhsil alacaq”.
APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiyaya yollanacaq azərbaycanlı tələbələrlə görüş zamanı deyib.
Səfir bildirib ki, Rusiya-Azərbaycan münasibətləri bu gün bir çox sahələri əhatə edir: “Buraya siyasət, iqtisadiyyat, hərbi və Xəzər məsələləri daxildir. Lakin təhsil sahəsində görülən işlər və bu sahədə azərbaycanlı tələbələr üçün verilən imkanlar xüsusi önəm kəsb edir. Bu, Azərbaycanın və Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi üçündür. Bu əlaqələrin böyük kökləri var. Hələ Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik edərkən hər il minlərlə gənc insan təhsil üçün Rusiyanın müxtəlif universitetlərində təhsil almaq üçün göndərilirdi. Onlar bu gün Azərbaycanın inkişafı naminə müxtəlif sferalarda işləyirlər, Azərbaycanın idarəçilik aparatlarında ilk yerlərdə dayanırlar. Sovet İttifaqı dağıldıqdan sonra iki ölkə arasında təhsil sahəsində münasibətlər pozuldu, tələbələrin axını dayandı. Biz daha sonra bunu bərpa edə bildik. 2009-cu ildə Rusiya Federasiya büdcəsi hesabına dövlət təqaüdü proqramı bərpa olundu. Həmin il 123 tələbə Rusiyaya göndərildi. Bu rəqəmlər ilbəil artır və biz bu il 201 tələbəni Rusiya göndəririk. Lakin bu, son rəqəm deyil. Öz hesabına və sponsorlar hesabına Rusiyada təhsil alanların sayı da çoxdur. Ümumilikdə Rusiyada bu gün 15 min Azərbaycan vətəndaşı təhsil alır. Rusiya hələ də Azərbaycanda kadrların hazırlamasında vacib beynəlxalq mərkəzlərdən biri hesab olunur”.
Səfir qeyd edib ki, bu tələbələr 900 nəfər içərisindən seçilib: “Seçilən 201 nəfərdən 34-ü tibb sahəsində, 31-i iqtisadiyyat və idarəetmə, 12 nəfər dil və ədəbiyyat, 10 nəfər siyasi elmlər və regionşünaslıq sahələrində təhsil alacaqlar. Onlardan 88 nəfəri Moskvada, 10 nəfəri Sankt-Peterburq və digər regionlardakı universitetlərə daxil olublar. 105 nəfər bakalavr, 20 nəfər spesialitet, 53 nəfər magistr, 17 nəfər ordinatura və 7 nəfər aspirantura təhsili alacaqlar”.
1111 dəfə oxundu