Azərbaycanda bir-birini təqsirkar çıxaran QURUMLAR...

Azərbaycanda bir-birini təqsirkar çıxaran QURUMLAR...

Müəyyən problemlərlə qarşılaşan vətəndaşlar məsələnin dövlət qurumları səviyyəsində həll edilməsini istəyər. Bu səbəbdən hər kəsin üz tutacağı ilk yer dövlət qurumlarıdır. Onların əsas vəzifəsi vətəndaşların müraciətlərinə cavab vermək, problemləri həll etmək olsa da, bəzən bunun əksi müşahidə edilir. Daha dəqiq desək, qurumlar məsuliyyətdən yayınır və insanları oxşar səlahiyyətli digər qurumlara yönləndirirlər.

Ya da “bu, bizlik deyil, başqa quruma müraciət edin” deyirlər. Onların dedikləri ünvana da müraciət edəndə yenə eyni cavabı alırsan. Bir sözlə qurumlar məsuliyyəti bir-birinin üzərinə atır ki, bundan da vətəndaşlar əziyyət çəkir.

İnsanlar bir növ iki oxşar funksiyalı qurumlar arasında sürünmək məcburiyyətində qalırlar. Şansın varsa, qurumlardan biri insafa gəlib üzünə “güləcək”.

Oxşar səlahiyyətli dövlət qurumları nə üçün məsuliyyətdən yayınır? Bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Nazirlər Kabinetindən başlayaraq ciddi ixtisarlar aparılmalıdır

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a danışıb:

“Azərbaycanda həqiqətən də eyni funksiyanı yerinə yetirən dövlət qurumları mövcuddur. Bu baxımdan düşünürəm ki, nazirliklərin, komitələrin , oxşar funksional sahələrin birləşdirilməsi vacibdir. Yalnız bundan sonra onun ayrı-ayrı əlahiddə hissələri də bu problemləri aradan qaldıra bilər. Yoxsa belə halları çox müşahidə edirik.

Hazırda bu cür nümunələrin ən bariz nümunəsi bələdiyyələr və “JEK”lərdir. Mənzil-istismar sahələrinin ləğvi qanunda da nəzərdə tutulub . Buna baxmayaraq hər iki qurum camaatdan vergi yığır , eyni məsələləri müzakirə edir və hər ikisi müəyyən sahələr üzrə eyni səlahiyyətlərə malik olduğunu bildirir.

Belə hallar kifayət qədərdir. Azərbaycanın hər yerində, xüsusilə şəhərlərdə “JEK”lər də, bələdiyyələr də fəaliyyət göstərir. Təbii olaraq, yerli əhali bundan əziyyət çəkir. Bu səbəbdən problem ən yüksək səviyyədə həll olunmalıdır. Nazirlər Kabinetindən başlayaraq digər qurumlara kimi ciddi ixtisarlar aparılmalı, birləşmələr tətbiq edilməlidir”. Qurumlar problemin həlli yolunda özlərinə zəhmət vermək istəmirlər Deputat ayrı-ayrı qurumların məsuliyyəti bir-birinin üzərlərinə atmasının səbəblərindən də söz açıb:

“Bəzi qurumlarda müəyyən korrupsiya halları mövcuddur. Vətəndaşları pulsuz, “hörmət”siz yola salmaq istəmirlər. Bu səbəbdən yerinə yetirməli olduqları vəzifələrindən imtina edirlər. Yaxud elə dövlət qurumları var ki, problemin həlli yolunda özlərinə əziyyət vermək istəmirlər. Məhz buna görə səlahiyyətlərini inkar edib digər qurumların üzərinə atırlar. Nəticə olaraq vətəndaşlar da çıxılmaz vəziyyətdə qalır. Hər halda məsuliyyətdən qaçmaq və tamah məqsədləri öndə olan səbəblərdəndir”.

T.Kərimli qeyd edib ki, eyni səlahiyyətli qurumlardan birini ləğv etmək və ya digərinə birləşdirmək mümkün olsa da, əsasən işçi kadrlar bundan çəkinir:

“Həmin qurumlarda fəaliyyət göstərən kadrlarda da müəyyən qorxular var. Onlar düşünür ki, ixtisar olduğu halda işsiz qalacaqlar. Bundan çəkinmək lazım deyil. Çünki iş sahələri daha çox sahibkarlığın,iqtisadiyyatın inkişafı ilə bağlı olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...