Bu il erməni silahlı bölmələri atəşkəs rejimini 40 732 dəfə pozub
Erməni silahlı bölmələri 2017-ci il ərzində atəşkəs rejimini 40 732 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, bu il erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, snayper tüfəngləri, 122 millimetrlik D-30 haubitsaları və D-44 topundan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
2017 – ci ildə erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.
Bu il də erməni tərəfi istər cəbhə xəttində, istərsə də Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribatlara əl atıb.
Əməliyyat şəraitinə uyğun olaraq dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin kəşfiyyat-diversiya qrupları, müxtəlif mühəndis qurğuları, atəş nöqtələri Azərbaycan Silahlı Qüvvələrinin sərrast atəşləri ilə məhv edilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Bu il cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
2017 - ci ildə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun bir üzvü - 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuş Zaver Hovanis Karapetyan ələ keçirilib.
Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mülki əhali iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.
Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 6 pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq atəşlə məhv edilib.
Bu il Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində isə kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub. Cəbhənin Füzuli-Xocavənd istiqamətində qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, düşmənin tabor mərkəzinə daxil olan bölmələrinin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.
Ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən və bütün cəbhə boyu törədilən irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı,Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
1065 dəfə oxundu