“Evrobank” Mərkəzi Bankı məhkəməyə verdi
Azərbaycanda lisenziyası ləğv olunan və müflis elan edilən “Evrobank” ASC məhkəməyə müraciət edib. “Evrobank”dan verilən məlumata görə, bank lisenziyanın bərpa edilməsi ilə bağlı iddia qaldırıb. Məhkəmə işi hakim Tahirə Əsədovanın icraatına verilib. Hələlik məhkəmənin prosesinin keçiriləcəyi tarix məlum deyil.
Qeyd edək ki, Azərbaycanda belə bir təcrübə olub. Məsələn, lisenziyası Azərbaycan Mərkəzi Bankı tərəfindən dayandırılan "Kövsər Bank" məhkəməyə müraciət edib və məhkəmə lisenziyanın bərpa olunması ilə bağlı qərar qəbul edib. Yeri gəlmişkən, bu bank lisenziyasının bərpa edilməsi ilə bağlı ümumilikdə iki dəfə məhkəməyə müraciət edib. Bir neçə il öncə "Universal Bank" adlanan zaman “Kövsər Bank” lisenziyasının bərpa olunması ilə bağlı məhkəməyə müraciət edərək məqsədinə nail olub.
Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyinə görə, "Banklar haqqında" Qanunun 9-10-cu fəsillərində qeyd olunduğu kimi bankların fəaliyyətinə xitam 3 əsasla - könüllü ləğv yolu ilə, yəni səhmdarların bankı ləğv etməsi, Mərkəzi Bank tərəfindən lisenziyanın geri alınması (bank qanunvericiliyi pozduqda, Mərkəzi Bankın tələblərinə əməl etmədikdə) və bank məhkəmənin qərarı ilə müflis elan olunduqda (öhdəliklərini icra edə bilmədikdə) verilə bilər.
"Banklar haqqında" Qanunun 10-cu fəslinə əsasən, Mərkəzi Bank və ya kreditorlar bankın müflis olunması ilə bağlı məhkəməyə müraciət edə bilər. Təbii ki, hər hansı lisenziyası alınmış bank da Mərkəzi Bankı məhkəməyə verə bilər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də məhkəməyə müraciət edib. Hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib.(APA)
1208 dəfə oxundu