Qax sakinləri çağırış etdilər: Qızlar, təhsilə davam!
Bu ölkədə 15-16 yaşlarında ərdən boşanmış, dul qalmış uşaqlar var.
Musavat.com-un məlumatına görə, bu fikri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) sədri Ülkər Abdullayeva Qax rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində "Qızlar təhsilə davam" mövzusunda keçirilən ictimai debatlardan birindəki çıxışında səsləndirib. Apardıqları araşdırmaların tük ürpədən faktları ortaya çıxardığını vurğulayan Ü.Abdullayeva deyib: "Əslində bizi bu layihəni reallaşdırmağa vadar edən səbəb Bakının Hökməli kəndində qarşılaşdığımız bir ailə dramı idi. Bu kəndə məcburi köçkün olaraq yerləşən ailə kəndin ənənələrinə uyğun olaraq 4 qızını məktəbdən yarımçıq çıxarmışdı. Və o qızlar müvafiq olaraq 13-16 yaşlarında ərə verilmişdi. Ailənin bir qızı 16 yaşında artıq ərdən boşanmış xanım idi. Anası ağlayaraq deyirdi ki, yaşıdları hələ orta məktəbdə oxuyur, amma mənim qızım artıq ərdən boşanmış qadındır. Biz bu hadisədən yola çıxdıq. Qarşılaşdığımız faktlar inanılmazdı. Müsəlman Şərqində çadraya ilk yox deyən, ilk seçki hüququ əldə edən Azərbaycan qadını 21-ci əsrdə Konstitusiya ilə təsbit edilmiş məcburi təhsil hüququndan öz doğmalarının cahilliyi səbəbindən məhrum edilirdi. Bu problemin həllində maarifləndirmə ilə qanunların işləməsinin vəhdətinin böyük rol oynaya biləcəyinə inandıq. Sağ olsun ki, QHT-lərə Dəstəyi Şurası da bu barədə layihəmizə dəstək verdi. Müvafiq dövlət qurumları ilə problemin həlli istiqamətində əməkdaşlığa başlamışıq. Bizim üçün ictimaiyyətin dəstəyi çox vacibdir. Biz elə bu məqsədlə də, ilk olaraq qızların təhsildən erkən ayrılması faktlarının olmadığı Qax rayonuna gəldik. Ümid edirik ki, hər zaman təhsildə bir addım öndə olan Qax rayonunun sakinləri bizim layihəmizə dəstək verəcək, problemli bölgələrin insanlarına xoşməramlı çağırışlarını edəcəklər."
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Məktəb direktoru Şamama Abbasova qeyd edib ki, Qax rayonunda təhsildən yayınan uşaqlarla bağlı ciddi ictimai qınaq var. Bu qınaq imkan vermir ki, valideynlər hansısa səbəbdən uşaqları təhsildən ayırsınlar. Belə faktlar olanda isə, məsələ valideynlərlə danışıqlar və hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməyilə həll olunur. "Biz BMT-nin Uşaq Hüquqları Konvensiyasından tutmuş təhsilə dəxli olan bütün beynəlxalq və yerli sənədlərin, qanunların tələblərini yerinə yetirməyə çalışırıq" - deyə Abbasova bildirib.
Müəllim Gözəl Hüseynova isə deyib ki, "bizim ölkədə təhsilli qadınların yükü çox ağırdır. Onlar həm ixtisasları üzrə işləyir, həm də ailə qayğılarını çəkməli olurlar. Bu səbəbdən də ailələr çox vaxt işləyən qadınları misal gətirirlər ki, filankəsin qayğıları ikiqatdır və oxumaq heç də o demək deyil ki, səni parlaq gələcək gözləyir. Odur ki, ölkədə təhsilli qadınlara münasibət yaxşı mənada dəyişməlidir. Təhsilli, savadlı qadınlar irəli çəkilməli, cəmiyyətə yaxşı nümunələr kimi təqdim edilməlidir."
Müəllim Rövşən Baxışov isə qızların təhsildən yayınmasında həm valideynlərin, həm də uşaqlarda təhsilə ciddi maraq oyada bilməyən müəllimlərin günahkar olduğunu qeyd edib. O, bildirib ki, qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısını almaq üçün maarifləndirmə ilə yanaşı inzibati resurslar da işə salınmalıdır. Hökumət bu problemin üzərinə ciddi şəkildə getməli, təhsilin təbliği üçün irimiqyaslı layihələr reallaşdırmalıdır.
Fermer təsərrüfatının rəhbəri Həmzət Abbasov isə qeyd edib ki, onun ailəsindəki 4 uşaqdan 3-ü ali təhsillidir. O, ailədəki qızların təhsilinə xüsusi diqqət yetirib: "Mənim anam təhsilsiz, avam bir qadın idi. Onun həyatı boyu necə böyük əziyyətlər çəkdiyini, ən xırda problemin həllində atamdan asılı olduğunu görmüşəm. Həmişə fikirləşmişəm ki, anamın savadı olsaydı, hər şey başqa cür olardı. Odur ki, qızlarımın təhsilinə xüsusilə fikir verdim. Yoldaşımsa müəllimədir. Çox vaxt çalışıram ki, ona işlərində kömək edim. Çünki məktəbdə uşaqlarla işin necə çətin olduğunu bilirəm. Məncə Azərbaycanın gələcəyi məhz təhsilli qadınların əlindədir. Bizim uşaqlarımızı qadınlar tərbiyə edir. Savadlı, təhsilli qadının uşağı daha düzgün, cəmiyyət üçün yararlı vətəndaş olaraq tərbiyə edəcəyinə çox inanıram."
Debatların sonunda iştirakçıların layihə ilə bağlı sualları cavablandırılıb, problemin həllinə dair təklifləri qeydə alınıb. Tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək flaşmoba qatılmaq istədiklərini bildiriblər.
1179 dəfə oxundu