Dubaya uçuş 99 avroya oldu
“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 25-dən etibarən Bakı-Dubay-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır. Şirkətdən fins.az-a verilən məlumata görə, artıq AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılmasına və satışına start verilib. Uçuşlar "Embraer 190" təyyarəsi ilə hər gün həyata keçiriləcək.
Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş olunması nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (5 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanından saat 17:30-da çıxacaq, yerli vaxtla saat 20:25-də məşhur Cəbəl-Əli kurortunda yerləşən Al-Maktum hava limanına çatacaq. Əks istiqamətdə reys Dubaydan saat 21:25-də çıxacaq, yerli vaxtla saat 00:25-də Bakıya çatacaq. Yeni reysin açılması BƏƏ-nin məşhur kurort şəhəri ilə Azərbaycanın paytaxtını əlaqələndirməyə imkan yaradacaq.
Cəbəl-Əli – BƏƏ-nin Dubay Əmirliyinin ərazisində yerləşən dünyanın ən böyük süni dərin limanıdır. Burada böyük ərazini dəbdəbəli yaşıl sahələrə malik Jebel Ali Golf Resort and Spa 5* çimərlik kurortu tutur. Kurortda qolf klubu, yaxta klubu və atla gəzinti üçün sahələr var. Yaxınlıqda atıcılıq klubu və həvəskar kartinq var. Kurorta yaxın alış-veriş mərkəzi - İbn Battuta avtomobillə 20 dəqiqəlik uzaqlıqda yerləşir. Kurort yaxınlığında Cəbəl-Əli çimərlik xəttindən süni Palma Cəbəl Əli adası uzanır. Həmçinin dünyanın ən böyük Azad İqtisadi Zonası da Cəbəl-Əlidə yerləşir.
1232 dəfə oxundu