Nazarbayevin qardaşı oğlunun mənimsədiyi 230 milyonluq vəsait ölkəyə qaytarıldı

  Nazarbayevin qardaşı oğlunun mənimsədiyi 230 milyonluq vəsait ölkəyə qaytarıldı
Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının mənimsədiyi və 230 milyon dollardan çox dəyəri olan qiymətli daşlar və zinət əşyaları ölkəyə qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Agentliyi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması (yuyulması) faktları üzrə Kayrat Satıbaldı və digər şəxslərə qarşı ibtidai istintaqı davam etdirir. MDB-yə daxil olmayan dövlətlərdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslərə məxsus 230 milyon dollardan artıq dəyəri olan eksklüziv qiymətli daş-qaşlar və zinət əşyaları aşkar edilərək ölkəyə qaytarılıb və dövlət gəlirinə çevrilib”, - məlumatda bildirilib.
Agentlik qeyd edir ki, Kayrat Satıbaldının xarici qiymətli kağızlara 300 milyon dollar sərmayə qoyduğu müəyyən edilib. Bu məbləğ də yaxın vaxtlarda Qazaxıstan büdcəsinə köçürülməlidir.
Məlumat üçün bildirək ki, sentyabrın 26-da Qazaxıstan məhkəməsi Satıbaldını mənimsəmə işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edib. Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti martın 13-də Satıbaldını vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom”un vəsaitlərini mənimsəməkdə şübhəli bilərək saxlayıb. Martın 17-də ona və keçmiş həyat yoldaşı Gülmiraya qarşı quldurluq yolu ilə biznesi ələ keçirmə faktı ilə bağlı araşdırma başladılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...